İqlim dəyişikliyi heyvanların rənginə də təsir edir

İqlim dəyişikliyi heyvanlar aləmində də öz təsirini hiss etdirir. Araşdırmalar göstərir ki, iqlim dəyişikliyi nəticəsində heyvanların dərisinin, tüklərinin rəngi dəyişir və davranışlarında fərqlər yaranır.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, qlobal istiləşmə bir çox heyvan növünün daha açıq rəngə bürünməsinə səbəb olub. Məsələn, Fransadakı kərtənkələlərin dərisi açıq tonlara keçib, Hollandiyada qəhvəyi ilbizlərin yerini sarı rənglilər alıb. Oxşar dəyişikliklər tropik arılardan tutmuş müxtəlif quş növlərinə qədər müşahidə edilir.

Ekspertlər bildirirlər ki, temperaturun artması ilə daha tünd rəngli heyvanlar daha çox istilik udduğu üçün bu rənglər getdikcə azalır. Yağışlı bölgələrdə isə tünd rənglər patogenlərə qarşı qoruyucu rol oynayır, çünki melaninlər toxumanı möhkəmləndirir.

Heyvanların davranışları da iqlim dəyişikliyindən təsirlənir. Helsinki Universiteti və Lancaster Universitetinin apardığı tədqiqatlar göstərib ki, 100-dən çox heyvan növünün davranışlarında əhəmiyyətli dəyişikliklər müşahidə olunub. Bu dəyişikliklər əsasən ətraf mühiti öyrənmə, sosiallıq, aqressivlik və cəsarət kimi xüsusiyyətlərə təsir edib.

Tədqiqatçı Petri Niemela qeyd edib ki, ən böyük dəyişiklik heyvanların ətraf mühiti kəşf etmə davranışlarında qeydə alınıb. O bildirib ki, iqlim dəyişikliyi heyvanların bütün növlərində güclü reaksiya yaradır və bu proses davam edəcək.

Tədqiqatlar qlobal istiləşmənin təkcə sürünənlər və böcəklər deyil, quşlar və məməlilər kimi isti qanlı heyvanlara da təsir etdiyini göstərib. Qəribədir ki, isti bölgələrdə quşların tükləri və dərisi belə daha açıq tonlara keçir.

Mütəxəssislər hesab edir ki, iqlim dəyişikliyi ilə bu cür fərqlər gələcəkdə daha da dərinləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR