Suriya rejiminin devrilmiş lideri Bəşər Əsəd Rusiyaya gedərkən Türkiyə hava sahəsindən istifadə etməyib.
Metbuat.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Əsədin olduğu təyyarənin Türkiyə hava sahəsindən keçməsi üçün heç bir icazə tələbi olmayıb. Mənbə bildirib ki, Türkiyə hava sahəsindən istifadə üçün əvvəlcədən icazə alınması tələb olunur, lakin belə bir müraciət daxil olmayıb.
Qeyd edək ki, Əsədin Moskva səfəri müxaliflərin Suriyada bir çox şəhəri ələ keçirməsindən sonra baş tutub. Rusiyanın Xarici İşlər Nazirliyi 8 dekabrda Suriya rejiminin devrilmiş lideri Bəşər Əsədin vəzifədən ayrılaraq ölkəni tərk etdiyini bildirmişdi. Kremlin sözçüsü Dmitri Peskov 9 dekabrda Rusiyanın Əsəd və ailəsinə sığınacaq vermə qərarının Prezident Vladimir Putinə məxsus olduğunu açıqlamışdı.