“Məşədi Dadaş”ın imamını öldürmək istəyənə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində “Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd cəhdində və iki nəfəri öldürməyə cəhd etməkdə ittiham olunan Hüseynov Elşən Fəxrəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elşən Hüseynov 18 il müddətə azadlıqdan məhrum edilib.

Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 20 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova DTX tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı