​Rusiyanın bəzi şəhərlərinə uçuşların dayandırılması göstərişini mən vermişəm - İlham Əliyev

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.

Metbuat.az-ın məlumatına görə, dövlət başçısı jurnalistin “Qəzadan sonra AZAL şirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırdı. Bəs, bu qərarın verilməsi hansı zərurətdən irəli gəldi və hazırda işlər necə gedir?” sualını da cavablayıb.

“Bu göstərişi mən vermişəm və bunun əsas səbəbi təbii ki, təhlükəsizlik məsələləridir. Çünki Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər”-, deyə Prezident qeyd edib.

Dövlət başçısı xatırladıb ki, AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırıb: “Müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı