​Müəllimlər niyə 400 manat maaş alır? - AÇIQLAMA

Müəllimlərin maaş məsələsi tez-tez gündəmə gələn mövzulardandır, çünki bu problem kökündən həllini tapmır. Əslində, müəllimlərin orta aylıq əməkhaqqısı 980 manatdır, ancaq hələ də Azərbaycan məktəblərində 400 manat maaşa gələcəyə fərd hazırlayan müəllimlər fəaliyyət göstərir. Müəllimin bütün peşələrin yetişməsindəki müstəsna rolunu kənara qoyaraq, minimum əmək haqqı ilə dolanan bir ailənin maddi vəziyyəti ölkə iqtisadiyyatı fonunda kifayət qədər çətindir.

Bəs müəllimlərin maaşlarındakı ciddi fərqlərin səbəbi nədir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Metbuat.az-a açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyinin rəsmi məlumatlarına əsasən, müəllimlərin orta aylıq əməkhaqqı 980 manat olaraq təqdim edilir, lakin bu rəqəm bütün müəllimləri əhatə etmir və real vəziyyəti tam əks etdirmir. Bir çox müəllim, xüsusilə regionlarda çalışanlar, 400-500 manat maaş almağa davam edir. Bu ciddi fərqlərin səbəbləri müxtəlifdir:

“Müəllimlərin maaşlarının hesablanması onların həftəlik dərs yükünə əsaslanır. Tam ştat çalışan müəllimlər həftədə 18 saat dərs keçirlər və buna uyğun olaraq daha yüksək maaş alırlar. Lakin kənd yerlərində və kiçik məktəblərdə şagird sayı az olduğu üçün müəllimlər tam dərs yükü ilə işləyə bilmir. Bu səbəbdən onların maaşı əhəmiyyətli dərəcədə aşağı olur. Məsələn, regionlarda işləyən müəllimlərin əksəriyyəti yarım ştat və ya daha az dərs saatı ilə işləyir və nəticədə onların maaşı 400-500 manat arasında dəyişir. Rəsmi statistik məlumatlara əsasən, regionlarda müəllimlərin təxminən 25%-i tam ştat dərs saatı ilə işləmədiyi üçün aşağı maaş alır.

Paytaxtda və iri şəhərlərdə çalışan müəllimlərin maaşı daha yüksək olur. Bunun əsas səbəbi bu ərazilərdə dərs saatlarının çoxluğu və əlavə gəlir imkanlarının mövcudluğudur. Lakin kənd yerlərində bu imkanlar kifayət qədər məhduddur. Regionlarda məktəblərdə şagird sayı az olduğu üçün müəllimlərin dərs saatları tam təmin edilmir. Təhsil İnstitutunun hesabatlarına görə, Bakıda müəllimlərin orta aylıq maaşı 1200 manata qədər çata bildiyi halda, regionlarda bu rəqəm orta hesabla 600-700 manat arasında dəyişir. Hətta bəzi kənd müəllimləri cəmi 400-450 manat maaş alır ki, bu da onların əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyini göstərir”.

1589192278-kamran4

K.Əsədovun sözlərinə görə, müəllimlərin maaşlarına təsir edən digər bir amil diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanlarıdır:

“Bu imtahanlardan yüksək nəticə göstərən müəllimlər daha yüksək maaş almaq hüququ qazanır. Məsələn, sertifikasiyadan keçən müəllimlər üçün maaş 35%-ə qədər artırılır. Lakin bu imtahanlardan uğurla keçmək hər müəllim üçün mümkün olmur. Statistik məlumatlara görə, 2023-cü ildə müəllimlərin yalnız 62%-i sertifikasiya imtahanından keçə bilib. Nəticədə sertifikasiyadan keçməyən müəllimlər əvvəlki maaş səviyyəsində qalır. Bu vəziyyət xüsusilə regionlarda daha çox yayılıb, çünki region müəllimləri üçün imtahanlara hazırlıq imkanları məhduddur.

Müəllimlərin maaşlarına təsir edən digər bir faktor isə sinif rəhbərliyi, olimpiada hazırlığı və digər əlavə fəaliyyətlərə görə verilən bonuslardır. Lakin bu əlavə ödənişlər hər bir müəllim üçün əlçatan deyil. Sinif rəhbərliyi yalnız tam ştat işləyən müəllimlərə verilir və bəzi məktəblərdə bu ödənişlər ya çox aşağıdır, ya da ümumiyyətlə mövcud deyil. Bakıda bu bonuslardan daha çox müəllim faydalana bilsə də, regionlarda bonuslar demək olar ki, nəzərə çarpmır. Təhsil Nazirliyinin 2024-cü il üzrə açıqlamasına görə, müəllimlərin yalnız 40%-i əlavə bonuslardan yararlana bilib”.

Təhsil mütəxəssisi qeyd edib ki, rəsmi statistikalar çox zaman real vəziyyəti əks etdirmir:

“Orta aylıq əməkhaqqının 980 manat olaraq göstərilməsi yalnız yüksək maaş alan müəllimlərin göstəricilərinə əsaslanır. Lakin müəllimlərin böyük bir hissəsi bu məbləği ala bilmir. Araşdırmalar göstərir ki, Azərbaycanın orta məktəblərində müəllimlərin təxminən 30%-i 600 manatdan az maaş alır. Kənd yerlərində çalışan müəllimlərin maaşı isə bəzən 400 manata qədər düşür.

Bu problemin həlli üçün bir sıra islahatların həyata keçirilməsinə ehtiyac var. İlk növbədə, müəllimlər üçün minimum maaş səviyyəsi artırılmalıdır ki, dərs yükündən asılı olmayaraq, hər bir müəllim layiqli maaş ala bilsin. Region müəllimləri üçün xüsusi dəstək proqramları hazırlanmalı və az şagirdi olan məktəblərdə çalışan müəllimlər üçün əlavə ödənişlər edilməlidir. Sertifikasiya prosesləri daha şəffaf və əlçatan şəkildə təşkil edilməli, hər bir müəllimə bərabər imkanlar yaradılmalıdır. Bonus və əlavələr sistemi isə bütün müəllimlər üçün tətbiq edilməli, xüsusilə region müəllimləri bu sistemdən faydalana bilməlidir”.

Ekspert əlavə edib ki, müəllimlərin maaşlarının artırılması yalnız onların maddi rifahının yaxşılaşdırılması deyil, eyni zamanda təhsil sisteminin keyfiyyətinin artırılması üçün də vacibdir. Müəllimlərin motivasiyası olmadan təhsilin keyfiyyətini yüksəltmək mümkün deyil. Buna görə də müəllimlərin əməkhaqqı məsələsi sosial prioritet olaraq qəbul edilməlidir.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı