Ermənistanın Qərblə yaxınlaşmasının pərdəarxası - Deputat açıqladı

Bu gün Vaşinqtonda xarici işlər naziri Ararat Mirzoyan və dövlət katibi Entoni Blinken Ermənistanla Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar. Bu əməkdaşlıq Azərbaycanın maraqlarına necə təsir edəcək və bölgədəki güc balansını necə dəyişdirə bilər?

Mövzu ilə əlaqədar millət vəkili Hikmət Babaoğlu Metbuat.az-a bildirib ki, ABŞ və Ermənistan arasındakı hazırkı münasibətlər Brüsseldə keçirilən Avropa İttifaqı, ABŞ və Ermənistan arasındakı üçtərəfli görüşdən sonra yeni bir təkan əldə etmiş oldu. Görünür, strateji tərəfdaşlıq haqqında sənədin imzalanması məsələsi də həmin toplantıda müzakirə olunub:

“Məsələ ondadır ki, islamofob mərkəzlər, Qərb dünyası Ermənistanı öz sivilizasiyalarının bir parçası kimi, xristian mədəniyyəti olaraq görürlər və daima ona qarşı ayrıca bir yanaşma tətbiq edirlər. Bu isə bəzən dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn və ədalətin pozulmasına gətirib çıxarır”.

Siyasətçi qeyd edib ki, iki dövlət arasında hansısa sənədin imzalanması əgər yalnız ikitərəfli xarakter daşıyırsa, onların öz işi olur, yox, artıq imzalanan sənəd üçüncü ölkələrin maraqları ilə toqquşursa və yaxud ona qarşı olursa, bu, artıq məsələnin mahiyyətini kökündən dəyişir:

“Yəni beynəlxalq hüququn, dövlətlərarası münasibətlərin pozulmasına qədər gətirib çıxarır. İndiki halda mən düşünmürəm ki, imzalanan sənəd ABŞ-Ermənistan münasibətlərində hansısa kardinal dəyişiklik yaradacaq, çünki bu münasibətlərdə kardinal dəyişiklik onsuz da 44 günlük müharibədən sonra yaranıb. Hətta ondan əvvəl 2018-cii ldə Sorosun layihəsi olan Paşinyanın Ermənistanda hakimiyyətə gətirilməsindən yaranıb. Bu isə, görünür, həmin münasibətlərin bir növ rəsmiləşməsidir. Çünki Azərbaycan prezidenti də yerli mediaya verdiyi müsahibədə məsələyə toxundu. Hazırkı Ermənistan Amerika əlaqələrinə və imzalanacaq strateji tərəfdaşlıq haqqında sənədə Sorosun layihələrinin Bayden tərəfindən rəsmiləşdirilməsi kimi baxmaq olar. Amma real müstəvidə bundan sonra ən azı Tramp dövründə nəyinsə dəyişəcəyini proqnozlaşdırmaq bir qədər çətindir. Çünki Tramp administrasiyası Bayden və Sorosçulardan fərqli olaraq Amerikanın real maraqlarından çıxış edir. Demokratlar isə demokratiyanı başqa ölkələrə qarşı “silah” kimi tətbiq edirlər”.

H.Babaoğlu əlavə edib ki, Azərbaycan bu prosesi diqqətlə izləyəcək və maraqlarımıza qarşı hər hansı bir məsələ ortaya çıxarsa, dərhal ona reaksiya verəcək:

“Əslində, Azərbaycan Prezidenti də Amerika Birləşmiş Ştatlar ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqla bağlı yerli mediaya müsahibəsində bəri başdan fikrini bəyan etdi. Bu, əslində ABŞ-yə verilən mesaj idi. Belə olan halda mən əminəm ki, bu mesajın davamı gələcək və biz Ermənistan kimi Amerikanın keçmişi ilə yox, gələcəyi ilə strateji tərəfdaşlıq münasibətləri quracağıq”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı