Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Fransaya səfər edib. Onun Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşü gözlənilir. Maraqlıdır ki, Paşinyan və Makronun görüşü hansı mövzular ətrafında cərəyan edə bilər və bu, regiondakı vəziyyətə necə təsir göstərər?
Politoloq Elçin Xalidbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, Paşinyan bundan sonra müxtəlif ölkələrə səfərləri daha çox etmək məcburiyyətində qalacaq. Çünki Ermənistanın beynəlxalq himayəsi ciddi şəkildə zəifləyib:
“Tramp administrasiyası Ermənistanı Bayden administrasiyasının dövründə olduğu kimi dəstəkləmək niyyətində olmadığını artıq büruzə verməyə başlayıb. Bu da Ermənistan üçün olduqca sarsıdıcı bir zərbədir. Paşinyan Amerika Birləşmiş Ştatlarında səfərdə oldu və Tramp administrasiyasından Ermənistana dəstək təminatı almağa nail olmadı. İndi də əndişə içərisində özünü Fransaya çatdırıb. Çünki Fransa Ermənistanın böyük bacısıdır.
Ümid edir ki, Makron Ermənistanın təhlükəsizliyi üçün müəyyən addımlar ata bilər. Halbuki, hazırda Makron özbaşının hayındadır. Birincisi, Fransa artıq dünyada elə bir nüfuzu olan dövlət deyil ki, Cənubi Qafqazdakı vəziyyətə təsir göstərə bilsin. İkincisi isə Fransa artıq öz problemləri ilə məşğul olmaq məcburiyyətindədir. Fransa iqtisadiyyatı çöküş mərhələsinə qədəm qoyub, Makron hakimiyyətinin Fransa cəmiyyətində reytinqi ən aşağı səviyyədədir. Hətta bəzi ehtimallara görə, Makron hakimiyyəti öz səlahiyyət müddətini bitirə bilmədən, vaxtından əvvəl seçkilər keçirərək hakimiyyəti tərk etmək məcburiyyətində qala bilər”.
Politoloqun sözlərinə görə, Fransadan da Ermənistana elə bir fayda olacağı gözlənilmir, olsa belə, Fransanın Azərbaycana elə bir təsiri yoxdur:
“Əksinə, Fransa hazırda Azərbaycanın mövqeyindən ciddi şəkildə narahatdır. Çünki Azərbaycan Fransa müstəmləkəsi olan ölkələri və xalqları dəstəkləməklə Fransaya artıq yerini göstərməkdədir. Fransanın bəşəri cinayətlər törətdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdadır. Yəni Paşinyanın bu səfəri də heç bir əhəmiyyət daşımır və bu səfərdə hansı mövzuların müzakirə olunacağı, yaxud olunduğu da heç bir önəm kəsb eləmir. Fransanın Ermənistana dəstəyi davam etsə belə, bunun Cənubi Qafqazdakı proseslərə təsir göstərəcəyi qətiyyən inandırıcı deyil”.
Sevinc İbrahimzadə / Metbuat.az