Birlikdə, yoxsa ayrı: Ailədə nəsillərarası həmrəyliyin konteksti

Hər il mart ayının üçüncü çərşənbə axşamı Ümumdünya Sosial iş gün kimi qeyd olunur. Bu il həmin tarix 18 marta təsadüf edir. Beynəlxalq Sosial İşçilər Federasiyasının 2025-ci il üçün vurğuladığı mövzu “Dayanıqlı rifah naminə nəsillərarası həmrəyliyin gücləndirilməsi”dir. Güclü cəmiyyətin formalaşması, dayanıqlı ərtaf mühitin təmin olunmasında nəsillərarası qayğı və hörmətin əhəmiyyəti xüsusilə qeyd olunur.

Nəsillərarası həmrəylik makro və mikrosəviyyədə müxtəlif münasibətlər çərçivəsində gerçəkləşir. Onların bir istiqaməti ailə institutu çərçivəsində cərəyan edən münasibətlərdir. Ötən il Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ölkə üzrə 12 iqtisadi rayonda 1170 nəfərlə həyata keçirilən “Ailədə nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” tədqiqatı bu mövzuda beynəlxalq akademik tədqiqatların “qızıl standartı” hesab olunan nəzəri yanaşmanın ölkədə ilk tətbiqi olaraq, adı çəkilən mövzuda bir sıra yenilikləri üzə çıxarmağa imkan verdi.

Nəsillərarası münasibətlərin xarakteri, qarşılıqlı dəstək və mehribanlıq, anlaşma və hörmət həm faktiki birgəyaşayış formaları, həm də bu formalara münasibətdə təzahür edir. Əvvəlki analitik yazılarda sözügedən tədqiqata istinad edərək ölkədə nuklear (nüvə) ailələrin sayca genişlənmiş ailələrə yaxınlaşdığını qeyd etmişdik. Belə ki, ümumi seçməyə daxil olan respondentlərin 50,8%-i genişlənmiş ailələrdə yaşayırdısa, 46,2%-i nüvə ailəsində həyat sürürdü. Rəyi soruşulanların 3,1%-i isə tək yaşadığını qeyd etmişdi. Şübhəsiz ki, ailə quruluşlarının belə mənzərəsi həm də nəsillərarası həmrəyliyə təsir edən struktur səbəblərdəndir. Nuklear ailələrdə yaşlı və cavan ailə üzvlərinin birlikdə yaşamaq ehtimalı genişlənmiş ailələrə nisbətən aşağıdır. Bu zaman ortaya çıxan sual cəmiyyətimizdə ümumiyyətlə yaşlı və cavan ailə üzvlərinin birgəyaşayışına münasibətlə bağlıdır. Ailənin hansı birgəyaşayış formasının – yaşlı və cavanların birlikdə, yoxsa ayrı yaşamasının daha arzuedilən olması ailədə nəsillərarası münasibətlərə nəzərən gözlənti və normalardan bəhrələnir. Bu baxımdan, Azərbaycan insanının hansı mövqedə olduğu maraq doğurur.

Qeyd olunan tədqiqatda respondentlərə iki fikir təqdim edilib və onlardan birini seçmək təklif olunub. Birincisi, “Ailənin yaşlı və cavan nəsli birlikdə yaşadıqda daha yaxşıdır”, ikincisi isə “Ailənin yaşlı və cavan nəsli ayrı yaşadıqda daha yaxşıdır” kimi səslənir. Rəyi soruşulanların 61,2%-i birinci mühakiməni seçsə də, digər 37,5% respondentin fikrincə, yaşlı və cavan nəsil ayrı yaşasa daha yaxşıdır.

Cavabların nəsillər üzrə necə fərqləndiyinə nəzər saldıqda, maraqlı bir məqam diqqəti cəlb edir. Cavan və yaşlı ailə üzvlərinin birlikdə yaşamasını daha yaxşı hesab edənlərin sayı yaşlı (60+) respondent qrupunda daha çox 64,4%-dir. Orta yaşlılar (40-59 yaş) arasında belə düşünənlər bir qədər az – 58,7%-dir. Cavan respondentlər arasında arasında belə düşünənlərin göstəricisi orta yaşlı qrupda analoji rəqəmə daha yaxın – 60,5%-dir.

Yaşlı və cavan nəslin birlikdə yaşamasının daha yaxşı olduğunu düşünən kişilər qadınlardan daha çoxdur. Kişi respondentlərin 65,2%-i, qadın respondentlərin 58,3%-i belə cavab verib. Birlikdə yaşamağı daha yaxşı hesab edənlər daha çox elə genişlənmiş ailə tipində yaşayanlar (67,3%), yaşlı və cavan nəslin ayrı yaşamasına üstünlük verənlər isə daha çox nuklear ailələrdədir (63,2%).

Subay, evli, dul respondentlərin bu suala verdikləri cavab göstəriciləri yaxındır, boşanmış respondentlərin cavabları bir qədər seçilir. Onlar arasında ayrı yaşamağı yaxşı hesab edənlər daha çoxdur (41,5%). Digər üç qrup üzrə analoji orta rəqəm 35,8%-dir.

Respondentlərin təhsil səviyyəsinə görə bölgüsü daha yüksək təhsilli olanların birlikdə yaşamağı bir qədər daha az seçdiklərini göstərir. İbtidai və orta təhsilli respondentlər arasında ailənin yaşlı və cavan üzvlərinin birlikdə yaşamasını daha yaxşı hesab edənlərin orta göstəricisi 67,0%, texniki və ali təhsillilərin analoji orta göstəricisi isə 50,7%-dir.

Ailənin yaşlı və cavan nəslinin birlikdə yaşamasını daha yaxşı hesab edənlər Şəki-Zaqatala iqtisadi rayonunda daha çox (78,2%), Abşeron-Xızıda ən azdır (33,3%). Ayrıca Bakı şəhərindən olan respondentlər arasında yaşlı və cavan nəslin ayrı yaşamasını daha yaxşı hesab edənlər bu respondentlərin təqribən yarısı – 47,0%-idir. Kənd yerlərindən olan respondentlər arasında yaşlı və cavan ailə üzvlərinin birlikdə yaşamasına müsbət yanaşanlar 69,1% olduğu halda, şəhər yerlərində analoji münasibət yalnız respondentlərin 50,1%-nə xasdır. Qəsəbə tipli yaşayış yerlərində respondentlərin mövqeyi aralıq yer tutur (63,8%).

Beləliklə, ailədə nəsillərarası həmrəyliyin konteksti kimi nəzərdən keçirdiyimiz birgəyaşayışa münasibətdə respondentlərin daha çox hissəsinin yaşlı və cavanların bir ev təsərrüfatında ömür sürməsinə müsbət yanaşdığını görürük. Lakin nəsillərin nisbi müstəqilliyi, avtonomiyasını daha uyğun görənlər də az deyil. Bu sonuncular müəyyən sosial-demoqrafik qruplarda üstünlük təşkil edir. Onlar arasında xüsusilə seçilənlər daha yuxarı təhsil səviyyəsinə malik olanlar, şəhərdə yaşayanlar, qadınlar və boşanmış respondentlərdir. Üzə çıxan nəticələr ailədə və ümumən cəmiyyətdə nəsillərarası həmrəylik kontekstində tədricən yeni reallıqların meydana çıxdığını, bunun sosial siyasət, ailə siyasətində nəzərə alınmasının vacibliyini göstərir.

Humay Axundzadə

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı