Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib.

Metbuat.az xəbər verir ki, Marta Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Avropa İttifaqı regionda davamlı sülhün təmin olunmasına və Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirəcək. Bu barədə Avropa Komissiyasının komissarı Marta Kos bildirib.

O, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu və nəqliyyat sahəsində daha geniş perspektivlərin olduğunu qeyd edib.

Prezident İlham Əliyev Tiranada Avropa İttifaqı rəhbərləri ilə keçirdiyi görüşü xatırladaraq, Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması üzrə səylərini davam etdirəcəyini vurğulayıb. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun qurulması, o cümlədən Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətinə toxunub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə də diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, ölkə qazı hazırda Avropanın 10 ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv 8 dövlətə ixrac olunur. Görüşdə həmçinin Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan Azərbaycana gələn yüklərin həcminin artdığı bildirilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.