Naxçıvan, 10 iyun, Rauf Əliyev, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsində keçirilən “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: öyrənilməsi, istifadə olunması və perspektivləri” mövzusunda elmi-praktik konfransda bu sahədə görülən işlər bir daha müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA Naxçıvan bölməsinin birgə təşkilatçılığı ilə reallaşan konfransda çıxış edən AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev təbii sərvətlərdən düzgün faydalanmağın əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov təbii sərvətlərin qorunması, öyrənilməsi, istifadəsi istiqamətində görülən işlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin müdiri Əli Vəliyev “Naxçıvan Muxtar Respublikasında filiz yataqlarının vəziyyəti və perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Naxçıvan diyarı özünün təbii sərvətləri, o cümlədən faydalı qazıntıları ilə çox qədimdən diqqət mərkəzində olub.
Qeyd edilib ki, muxtar respublika ərazisində ilk geoloji tədqiqatların aparılmasına XIX əsrin ortalarından başlanılıb və epizodik xarakter daşıyaraq Qafqazın stratiqrafiyasının bir sıra məsələlərinin araşdırılmasına istiqamətlənib. 1925-ci ildən Naxçıvan Muxtar Respublikasının geologiyasının planlı şəkildə öyrənilməsinə başlanılıb və təbii ehtiyatlarla zəngin olan bu regionun geoloji quruluşu və faydalı qazıntıları haqqında yeni məlumatlar əldə edilib, məlum faydalı qazıntı yataqları yerləşən rayonların ilk geoloji xəritələri tərtib olunub.
Sistemli geoloji kəşfiyyat işləri nəticəsində muxtar respublika ərazisində müxtəlif faydalı qazıntı yataqlarının perspektivliyi qiymətləndirilib, eləcə də bir sıra yataqlar kəşf edilərək sənaye üsulu ilə işlənilib.
Vurğulanıb ki, muxtar respublika ərazisində tamamilə 1:200000-1:50000 miqyaslı dövlət geoloji planalma işləri aparılıb, geoloji, faydalı qazıntılar, proqnoz və sair xəritələr dəsti tərtib edilib. Məqsədyönlü şəkildə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində muxtar respublika ərazisində 200-dən çox nadir, nəcib, qara və əlvan metallar, üzlük və bəzək daşları, divar daşı, kərpic və kirəmit gili, seolit, boksit, inşaat qumu, yol tikintisi və beton üçün çınqıl, sement və əhəng xammalı, daşduz, dolomit, gübrə xammalı, şüşə sənayesi xammalı yataqları aşkar edilib. Bu faydalı qazıntı yataqlarının bir çoxunun perspektivliyi qiymətləndirilib, bəzilərinin isə kəşfiyyatı başa çatdırılaraq ehtiyat komissiyasına təhvil verilib. Onların az bir hissəsinin bazasında Naxçıvan Muxtar Respublikasında bir neçə sənaye və tikinti müəssisələri fəaliyyət göstərir.
Məruzəçi bildirib ki, muxtar respublika ərazisində 21 filiz yatağı aşkarlanıb. Aparılmış axtarış-kəşfiyyat işlərinin nəticəsi olaraq 5 filiz yatağı ehtiyatlar balansında qeydə alınıb. Bunlardan Parağaçay molibden, Gümüşlü və Ağdərə polimetal və Darıdağ mərgümüş yataqları sənaye mənimsənilməsinə cəlb olunub, Qapıcıq yatağı ehtiyatda saxlanılıb. Digər 16 yataqda ilkin qiymətləndirmə işləri aparılıb.
AMEA Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Təbii sərvətlərdən istifadənin elmi əsası” mövzusunda danışaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası yerüstü sərvətləri ilə yanaşı, yeraltı sərvətləri ilə də zəngindir. Bu zənginlik muxtar respublikada filiz, qeyri-filiz və inşaat materiallarının xalq təsərrüfatının müxtəlif sahələrində tətbiqinə geniş imkanlar açır.
Sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin baş geoloqu Sultan Rzayevin və AMEA Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin çıxışları olub.