"Gördünüz də, Hollandiya 2-ci Avropa Oyunlarından imtina etdi", "Bizimkilər yüz milyonlarla dollar xərclədilər, amma hollandiyalılar 50 milyon avronu sərf etməkdən vaz keçdilər, dedilər "gedin tullanın, bizə belə oyunlar gərək deyil", "Vallah, bunlar indi Avropa ölkələrindən birinə pul verib yalvaracaqlar ki, bütün xərcləri biz çəkirik, təki 2-ci Avropa Oyunlarını qəbul edin, bizdən getsin", "Hamı bizim kimi "lox" deyil ki, pullarının qədrini bilir millətlər"...
Bu sözlər dünən sosial şəbəkələrdə yazılanlar arasında yer alanlardır. Yazılan məkan Azərbaycan, yazanlar azərbaycanlılardır.
Səbəb?
Hollandiya 2-ci Avropa Oyunlarına ev sahibliyi etməkdən boyun qaçırıb. İmtina ediblər hollandlar.
Bu olay da Azərbaycan siyasətinin, cəmiyyətinin, sosial şəbəkələr "cameə"sinin bəlli kəsiminə, klaviatura qəhrəmanlarına və tribuna cəngavərlərinə elə həzz edib ki, onlar vəcdə gəliblər.
Dəfələrlə söylədiyimiz həqiqət dünən bir daha bəlli oldu: Azərbaycanla bağlı istənilən "mənfi" xəbər - halbuki Hollandiyanın 2-ci Avropa Oyunlarından imtina etməsi heç bir halda Bakı üçün problemli məqam deyil, bu barədə bir qədər sonra - belələrini sevindirir və onlar dərhal şadlanır, bayram edirlər.

Yalıncıq mənəviyyatıdır: məmləkət, dövlət, xalq, insanlarımız üçün nə qədər pisdirsə, belələri üçün o qədər yaxşıdır.
Çünki onlar hakimiyyətə gəlmək istəyirlər və Azərbaycanın özünü "radikal" sayan müxalifətinin liderlərindən birinin illər əvvəlki "bu iqtidarı yıxmaq üçün İblislə də müttəfiq olarıq" etirafını yada salsaq, təəccüb doğurası nə var ki.
Gələk Hollandiya məsələsinə.
Nə oldu?
Mayın 16-da Avropa Olimpiya Komitələrinin (AOK) Baş Assambleyasının fövqəladə toplantısında qərara alınmışdı ki, Azərbaycandan sonra 2-ci Avropa Oyunları Hollandiyada keçiriləcək.
AOK-un prezidenti Patrik Hikki Hollandiya ilə yanaşı, daha 6 namizəd ölkənin nümayəndələri ilə ilkin danşıqlar apardığını, amma "ərizə təqdimatı prosesi ilə bağlı namizədləri böyük məsrəflərə düçar etmək istəmədiyini" söyləmişdi.
Beləcə, Hollandiyanın ərizəsi ən yaxşı sayılmışdı. Rəsmi Amsterdam bildirmişdi ki, 2-ci Avropa Oyunlarının keçirilməsinə 145 milyon avro xərcləmək niyyətindədir.
Həmin məbləğin 31 milyon avrosu dövlət büdcəsindən ayrılmalı, 57 milyon avro isə yerli bələdiyyələrdən alınmalı idi.
2-ci Avropa Oyunlarının 9 şəhərdə keçirilməsi nəzərdə tutulmuşdu. Özü də idman növlərinin sayı azaldılmışdı. Belə ki, Bakıda 20 idman növündə mübarizə aparılacaqsa, Hollandiyada növlərin sayı 15 olacaqdı. Əvəzində Bakıdan fərqli olaraq, rolik yürüşü və at yarışları keçiriləcəkdi.

Xərclərin Bakı ilə müqayisədə azlığı zəruri infrastrukturun inşası ilə bağlı məsrəflərin minimum səviyyədə olması ilə bağlı idi. Belə ki, bir neçə idman növündə mübarizələr 1928-ci ildə Olimpiadanın keçirildiyi Amsterdam Olimpiya Stadionunda olmalıydı. Üzgüçülər Eyndhovendəki İdman Sarayında yarışacaqdılar.
Ən başlıcası isə, Bakıdakı Atletlər Kəndinin analoqu olmayacaqdı: idmançıların hamısını 9 şəhərdəki otellərdə yerləşdirmək nəzərdə tutulmuşdu.
Hollandiya kiçik ölkədir və idmançıların belə sxemlə yarışlara qatılması çox vaxt aparmayacağından AOK prezidenti Patrik Hikki hollandiyalıların hazırlıq planlarına müdaxilə etməmişdi.
Halbuki, elə həmin Hikki Bakı qarşısında çox sərt və genişmiqyaslı hazırlıq tələbləri qoymuşdu.
Səs-səsə verənlər və gerçəklik
Hollandiya 2-ci Avropa Oyunlarından niyə imtina etdi? Sosial şəbəkələrdə Bakıda başlanacaq 1-ci Avropa Oyunlarını aşağılamağa çalışanların "arqument"ləri əsassızdır, çünki ortada gerçəklik, faktlar var.
Nə qədər banal və primitiv olsa da, bu olay ölkənin koalisiya hökumətindəki yeni siyasi böhran, habelə parlamentdəki fraksiyalar arasındakı qarşıdurmanın güclənməsi ilə bağlıdır.
Hollandiyada ali icraedici orqan olan Nazirlər Şurası (De Nederlandse ministerraad) ölkə kralı ilə birlikdə konstitusion hökuməti (Regering) formalaşdırır. Nazirlər Şurasının fəaliyyətinə də kral yox, nazirlər məsuliyyət daşıyırlar.
Di gəl, artıq 5 aydır ki, hökumətdə nazirlərlə dövlət katibləri arasında gərginlik yaşanır. Hollandiya Konstitusiyasına görə, dövlət katibləri Nazirlər Şurasının fəaliyyətində iştirak etsələr də, səsvermə hüququna malik deyillər.
Katiblər isə hər cümə günü Haaqadakı Binnenhof binasında, "Treveszaal"da keçirilən toplantılara qatılmaqla yanaşı, qərarlara təsir imkanlarına malik olmaq istəyirlər.

Üstəlik, bu qarşıdurmaya Hollandiyanın Nazirlər Şurası ilə Hollandiya Krallığının Nazirlər Şurası və dövlət katiblərinin güclü təsir rıçaqlarına malik olduqları Hollandiya Kabineti (Nederlands kabinet) arasındakı münaqişə də əlavə olunub. Ən nəhayət, üç aydır ki, Hollandiya Baş Ştatlarının (Staten-Generaal van het Koninkrijk der Nederlanden), yəni ölkə parlamentinin aşağı palatası olan Nümayəndələr Palatası ilə Senat arasında ixtilaflar səngimir.
Hollandiyada 2-ci Avropa Oyunlarının keçirilməsi Nazirlər Şurasının razılığı ilə irəli sürülmüş təşəbbüsü olduğundan, Krallığın Nazirlər Şurası ilə Senat bu qərarın ləğvinə nail olmaqla qarşı tərəfi zəiflətməyə çalışır.
Hollandiyanın Milli Olimpiya Komitəsi isə hakimiyyət olimpindəki qüvvələr arasında qalıb.
Qurum baş verənlərin siyasi oyunlar olduğuna işarə vuraraq dünən yaydığı bəyanatında vurğulayıb: "Hollandiya hökuməti ölkədə 2-ci Avropa Oyunlarının keçirilməsi ilə bağlı Hollandiya Milli Olimpiya Komitəsinin təşəbbüsünü və planını dəstəkləməyib. Hökumətin qərarının mühümlüyünü anlayırıq. Lakin bu qərarın qəbul edilməsi zamanı Avropa Oyunları təki böyük idman turnirinin gələcəyinin yetərincə dərk olunmadığını zənn edirik. Hollandiyanın Milli Olimpiya Komitəsi hesab edir ki, bütün ölkə ərazisində multi-idman tədbirinin təşkil olunması təki ciddi imkanı Hollandiya əldən verdi".
O olmasın, bu olsun
Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Patrik Hikki əmindir ki, onun təşkilatı qəfil imtinasını səsləndirmiş Hollandiyaya layiqli əvəz tapacaq və 2019-cu ildə 2-ci Avropa Oyunları mütləq şəkildə keçiriləcək.
"Hollandiyanın qərarı təəssüfləndirici xəbərdir. Buna rəğmən, Avropa Oyunlarına göstərdiyi marağa görə Hollandiyaya təşəkkür edirəm. 2019-cu ildə 2-ci Avropa Oyunlarına ev sahibi olacaq layiqli namizəd tapacağımıza əsla şübhə etmirəm. Hələlik bütün diqqətimiz Bakıda 1-ci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə yönəlib", - Hikki deyib.

2019-cu ildə keçirilməsi nəzərdə tutulan 2-ci Avropa Oyunlarına iddialı ölkələr az deyil. Onların arasında favoritlər Belarus, Britaniya, Rusiya, Türkiyə və Polşadır.
Dünya jandarmı olmaq istəyənlər
2008-ci ildə Çinin paytaxtı Pekində Yay Olimpiya Oyunları ərəfəsində Çin sərt tənqid olunur, Qərb mediasında, xüsusilə də ABŞ və Britaniya qəzetlərində Pekin "nəhəng həbsxana, insan haqlarının tapdandığı yer" kimi təqdim olunurdu.
Çin hökuməti həmin dövrdə hansı böhtanlara, ittihamlara məruz qalmadı, rəsmi Pekin hansı "cinayət"lərdə suçlanmadı ki... Avropa Şurası və ATƏT-dən tutmuş, "GreenPeace" və Cinsi Azlıqların Hüquqlarının Müdafiə Liqasınadək ən müxtəlif təşkilatlar Olimpiya Oyunlarının boykotuna çağırdılar.
Onlarla siyasətçi və dövlət xadimi Pekində Olimpiya Oyunlarının təntənəli açılış mərasiminə qatılmayaraq "demokratiyaya nə qədər sadiq" olduqlarını göstərdilər.
Lakin Olimpiada keçirildi, möhtəşəm turnir baş tutdu. Uduzan Pekinin kölgəsini qılınclayanlar oldu.
Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı da eyni proses yaşanacaq, şübhə etməyin.
ABŞ və Avropa Birliyi Azərbaycanda insan haqları ilə bağlı "məsələlər"i sürəkli müzakirə edərək Bakıya sərt təzyiqlər göstərməyə çalışırlar.

Azərbaycanla bağlı yalnz neqativ xəbərləri dərc edən qəzetlər və saytlar isə nədənsə "unudur"lar ki, Ermənistanla elan edilməmiş müharibə vəziyyətində olan, torpaqlarının 20 faizi Ermənistanın işğalına məruz qalan Azərbaycan Bakıda 1-ci Avropa Oyunlarına gəlmiş erməni idmançılarını qəbul edib.
İraq, Suriya, Liviya, Yəməndəki "şanlı" savaşların fonunda Avropa və ABŞ, deyəsən, Dağlıq Qarabağ münaqişəsini unutmağa başlayıb.
Amma o münaqişə bitməyib.
Və bitməyən münaqişədən əziyyət çəkən Azərbaycan Avropada ilk Oyunlara ev sahibliyi edir.
Bunun nə demək olduğunu anlamaq üçün düha olmaq gərəkdir?!
Və ya Azərbaycan iqtidarını "uğursuzluq"larda suçlamaq üçün öz uğursuz həyatlarının yaratdıqları komplekslərdən doğan naqisliyi sosial şəbəkələrdə "saf demokratlıq" kimi qələmə vermək məcburiyyətdir?!
Elçin Alıoğlu
Milli.Az