Oğuz, 11 iyun, AZƏRTAC
Bu mövsümdə Oğuz rayonunun taxılçılıq təsərrüfatlarında 16 min 350 hektar sahənin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 9 min 755 hektarını buğda, 6 min 595 hektarını isə arpa sahələri təşkil edir. Havaların əlverişli keçməsi, həmçinin taxıl sahələrinə aqrotexniki qulluq göstərilməsi nəticəsində zəmilərdə məhsul boldur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Yaqublu, Böyük Söyüdlü, Bucaq və Kərimli kəndlərinin ərazilərindəki təsərrüfatlarda artıq arpa biçininə başlanılıb. Bu təsərrüfatlarda indiyədək 250 hektara yaxın sahənin arpası biçilib. Hər hektarın orta məhsuldarlığı 30 sentnerdən yüksəkdir. Ötən ilin eyni dövründə isə məhsuldarlıq 19,5 sentner təşkil edirdi.
Rayon üzrə taxıl biçininə ümumilikdə 40 kombayn, həmçinin kifayət qədər yük maşını, qoşqu, küləş presləyən aqreqat, şum traktoru və digər texnika cəlb edilib. Biçin dövründə baş verə biləcək yanğınların qarşısının alınması üçün lazımi təhlükəsizlik tədbirləri görülüb.
Təsərrüfatlarda taxıl biçini mütəşəkkil davam edir.