Bakı, 11 iyun, AZƏRTAC
Xəbər verildiyi kimi, bu il aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün qurumda 844-ü qadın olmaqla 2850 namizəd qeydə alınıb. Həmin namizədlərin 75,72 faizini gənclər təşkil edib. Namizədlərdən 999 nəfəri (35,05 faiz) test imtahanında iştirak etməyib.
Test imtahanı mərhələsində iştirak edən 1851 namizəddən 28,09 faizi qadın, 74,77 faizi gənc olub. Test imtahanı mərhələsini 147-si qadın olmaqla 548 namizəd uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin 22,99 faizini gənc namizədlər təşkil edib. Test mərhələsini uğurla başa vuran namizədlərdən 181 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 246 nəfər 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 121 nəfər 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak edə bilər.
Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilib. Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.
Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
- Kənd Təsərrüfatı Nazirliyi – qeydə alınmış 957 namizəddən 203 nəfəri;
- Dövlət Statistika Komitəsi – qeydə alınmış 588 namizəddən 130 nəfəri.