Əvvəlki məqaləmizdə generativ süni intellekt texnologiyalarının media üçün yaratdığı imkanlardan bəhs etdik. Qeyd etdik ki, bu texnologiya jurnalistlərin gündəlik işini asanlaşdırır, böyük həcmdə informasiyanın emalını sürətləndirir, mətn, audio, video və digər məzmunların hazırlanmasına kömək olur. Lakin AI-nin media və informasiya mühitinə inteqrasiyası təkcə imkanlar deyil, həm də ciddi risklər yaradır.

Bu risklərin ən ciddisi süni intellekt sistemlərinin yanlış, natamam və yaxud, tamamilə uydurma məlumatları inandırıcı formada təqdim etməsidir. “AI hallucination” (hallüsinasiya) adlandırılan fenomen istifadəçinin doğru məlumatı yanlış məlumatdan ayırmasını çətinləşdirir. Digər tərəfdən, generativ süni intellekt alətlərinin geniş yayılması saxta mətn, foto, audio və videoların hazırlanmasını asanlaşdıraraq, dezinformasiyanın, manipulyativ məzmunun yayılması üçün geniş imkanlar yaradır. Xüsusilə “deepfake” texnologiyaları ictimaiyyətin audio-vizual informasiyaya olan etimadını zəiflədir.

Müəllif hüquqlarının pozulması, şəxsi məlumatların və məxfiliyin təhlükəsizliyi, jurnalistikanın etik prinsipləri, alqoritmik qərəz, kibertəhlükəsizlik və media məzmununa ictimai etimadın qorunması da bu texnologiyanın yaratdığı əsas risklər sırasındadır ( UNESCO:“Recommendation on the Ethics of Artificial Intelligence”: https://www.unesco.org/en/legal-affairs/recommendation-ethics-artificial-intelligence ).

Məhz bu səbəbdən BMT, UNESCO, Avropa İttifaqı, eləcə də beynəlxalq jurnalist təşkilatları generativ süni intellektin istifadəsindən irəli gələn risklərin azaldılması üçün hüquqi, etik və institusional mexanizmlərin formalaşdırılmasına xüsusi diqqət yetirirlər. Bu məqalədə AI-nin media üçün yaratdığı əsas risklər nəzərdən keçirilir, beynəlxalq təşkilatların həmin risklərin qarşısının alınması və məsuliyyətli AI istifadəsinin təmin edilməsi ilə bağlı yanaşmaları təqdim olunur.

Yanlış informasiya, dezinformasiya, hallüsinasiya generativ süni intellektin yaratdığı ən ciddi problemlər sırasındadır. Lakin bu məsələlər yalnız media sektoru üçün deyil, ümumilikdə istifadəçi audotiyasını təhdid edir. Bu baxımdan adı keçən 3 mövzunu növbəti məqalədə əlahiddə formada nəzərdən keçirəcəyi məqbul saydıq. Bu məqalədə isə generativ süni intellektin məhz media və jurnalistika üçün yaratdığı spesifik risklərə diqqət yetirilir.

Müəllif hüquqları və intellektual məhsulun qorunması

AI modellərinin inkişafı media qurumlarının hazırladığı xəbər, reportaj, foto, video və müəllif hüquqları ilə qorunan digər materialların istifadəsi ilə bağlı yeni problemlər yaradıb. İnternetdə yayımlanan böyük həcmdə məzmundan istifadə edilməsi həmin materialların müəlliflərinin razılığı, onlara istinad edilməsi və əməyinin qarşılığının ödənilməsi mövzusunu gündəmə gətirir. AI sisteminin cavabının hazırlanmasında hansı media mənbələrindən istifadə edildiyinin istifadəçiyə bildirilməsi və həmin mənbələrin tanınması mühüm məsələyə çevrilir.

Bu problem media sektoru üçün xüsusilə əhəmiyyətlidir. Çünki keyfiyyətli media məhsulunun hazırlanması ciddi maliyyə və əmək resursları tələb edir. Generativ AI sistemləri isə həmin məzmun əsasında yeni məhsullar hazırlayaraq, müəllifə istinad etmədəın auditoriyaya təqdim edir. Nəticədə həm müəllif hüquqlarının qorunması, həm də jurnalistikanın iqtisadi dayanıqlılığı ilə bağlı çətinliklər yaranır.

Avropa Yayımçılar Birliyi (EBU) 2024-cü ildə AI sistemlərinin ictimai media məzmunundan istifadəsi ilə bağlı dörd əsas prinsip müəyyənləşdirib: müəllifin məzmundan istifadəyə etiraz etmək hüququna hörmət, şəffaflıq, mənbənin göstərilməsi və ədalətli ödəniş. EBU hesab edir ki, AI sistemləri müəllif hüquqları ilə qorunan hansı məzmundan istifadə etdikləri barədə şəffaf olmalıdırlar. Media məzmunundan istifadə edilibsə, həmin mənbəyə istinad etməli və razılıq əsasında istifadə olunan məzmun üçün ədalətli ödəniş mexanizmi təmin edilməlidirlər ( EBU: “4 principles on AI and copyright”: https://www.ebu.ch/news/2024/07/4-principles-on-ai-and-copyright ).

Məxfiliyin pozulması

Jurnalistlər özlərinin qapalı mənbələrindən aldıqları məlumatlarını, müsahibələri, sənədləri və digər həssas materialları AI sistemlərinə yükləməklə, məxfilik və məlumatların qorunması riski ilə qarşılaşa bilirlər. Məsələn, jurnalist araşdırma zamanı əldə etdiyi özəl məlumatı və ya sənədi AI alətinə yüklədikdə, həmin materialda mənbənin kimliyini müəyyənləşdirən məlumatlar, yaxud, hələ ictimaiyyətə açıqlanmamış faktlar ola bilir. AI sisteminin həmin məlumatları necə saxladığı, emal etdiyi və gələcəkdə hansı məqsədlər üçün istifadə edəcəyi jurnalistə hər zaman aydın olmur. Bu isə xüsusilə məxfi mənbələrin qorunması baxımından ciddi risk yaradır. Buna görə redaksiyalar AI alətlərindən istifadə zamanı hansı məlumatların sistemə daxil edilə biləcəyini dəqiq müəyyənləşdirməli və həssas materialların qorunması üçün xüsusi qaydalar tətbiq etməlidirlər ( EBU R 168: Safeguarding confidentiality with Information Classification in media companies: https://tech.ebu.ch/news/2025/02/ebu-r-168-safeguarding-confidentiality-with-information-classification-in-media-companies ).

AI sistemlərinin məlumat bazalarındakı feyk və ya qərəzli məzmunları götürüb təkrarlaması da ciddi problemlərə yol açır. UNESCO bunu AI idarəçiliyinin əsas etik problemlərindən biri kimi göstərir (https://www.unesco.org/en/artificial-intelligence/recommendation-ethics ).

Media iqtisadiyyatı və jurnalist əməyinə təsir

Avtomatlaşdırmanın jurnalistlərə məxsus bəzi funksiyaları əvəz etməsi əmək bazarına təsir göstərir. Bu isə keyfiyyətli jurnalistikanın maliyyələşdirilməsinə və peşənin gələcəyinə dair suallar yaradır. Xüsusilə xəbər hazırlanmasının tərcümə, mətn redaktəsi, xülasələşdirmə, məlumatların emalı və digər rutin mərhələlərində AI-dən istifadə redaksiyaların xərclərini azaltmaq imkanını artırır. Jurnalist sayının azaldılması və ya jurnalist əməyinin daha ucuz texniki əməklə əvəzlənməsi araşdırma jurnalistikası və orijinal reportyorluq sahələrini zəiflədir.

Digər tərəfdən, AI-nın geniş yayılması media şirkətlərini ənənəvi biznes modellərini yenidən nəzərdən keçirməyə məcbur edir. Auditoriyanın AI platformalarına yönəlməsi xəbər saytlarının trafikinə və gəlirlərinə təsir göstərir. Reuters İnstitutu qeyd edir ki, generativ AI media şirkətlərini həm istehsal xərclərini azaltmağa, həm də gəlir və biznes modellərini yenidən qurmağa sövq edir ( Reuters Institute: “Journalism, Media, and Technology Trends and Predictions” https://reutersinstitute.politics.ox.ac.uk/journalism-media-and-technology-trends-and-predictions-2025 ).

AI-nin media üçün yaratdığı risklərin artması beynəlxalq təşkilatları sövq edir ki, onların qarşısının alınması üçün hüquqi və etik mexanizmlər formalaşdırsınlar. Onların bu istiqamətdə hansı addımlar atması barədə növbəti məqalələrimizdə məlumat veriləcək.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


Generativ süni intellekt sistemlərinin media üçün yaratdığı risklər 

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.