Süni intellekt texnologiyalarının sürətli inkişafı onların istifadəsinin etik, hüquqi və sosial prinsiplər əsasında tənzimlənməsini zəruri edib. Son illərdə beynəlxalq və regional təşkilatlar səviyyəsində AI-dən məsuliyyətli istifadə üçün mühüm normativ çərçivələr formalaşdırılıb. Bu çərçivələr həm dövlətlər, həm AI şirkətləri, həm də texnologiyadan istifadə edən digər subyektlər üçün məsuliyyət və nəzarət mexanizmlərinin formalaşdırılmasına mühüm təsir göstərir.

Sənədlər arasında UNESCO-nun “Süni intellektin etikası haqqında Tövsiyə”si, Avropa İttifaqının AI Aktı və Avropa Şurasının AI üzrə Çərçivə Konvensiyası xüsusi əhəmiyyət daşıyır. Hüquqi statusu və tətbiq dairəsi fərqli olsa da, bu sənədləri birləşdirən əsas yanaşma AI sistemlərinin insan hüquqları, insan ləyaqəti, demokratiya, hüququn aliliyi, təhlükəsizlik və şəffaflıq prinsiplərinə uyğun istifadəsinin təmin edilməsidir.

UNESCO-nun “Süni intellektin etikası haqqında Tövsiyə”si

UNESCO-nun 2021-ci ildə qəbul etdiyi “Süni intellektin etikası haqqında Tövsiyə” AI sahəsində qlobal səviyyədə qəbul edilmiş ilk universal normativ çərçivələrdən biridir. O, təşkilata üzv olan 193 dövlətin hamısı tərəfindən qəbul edilib. Sənədin əsasını insan hüquqları və insan ləyaqətinin qorunması təşkil edir ( https://www.unesco.org/en/legal-affairs/recommendation-ethics-artificial-intelligence ).

Tövsiyədə AI-dən istifadə zamanı şəffaflıq, izaholunma, insan nəzarəti, ədalətlilik, ayrı-seçkiliyə yol verilməməsi, təhlükəsizlik, məxfilik və məsuliyyət kimi əsas prinsiplər müəyyənləşdirilir. Sənəd yalnız etik prinsipləri sadalamaqla kifayətlənmir, onların həyata keçirilməsi üçün dövlətlərə konkret siyasət istiqamətləri də təqdim edir. Bu baxımdan UNESCO Tövsiyəsi sonrakı AI tənzimləmə təşəbbüsləri üçün mühüm qlobal istinad çərçivəsinə çevrilib.

Avropa İttifaqının AI Aktı

Avropa İttifaqının 2024-cü ildə qəbul etdiyi AI Aktı (Regulation EU 2024/1689) süni intellektin hərtərəfli hüquqi tənzimlənməsini nəzərdə tutan ilk genişmiqyaslı regional qanunvericilik çərçivələrindən biridir. Sənəd AI sistemlərini yaratdığı risklərə görə təsnif edir və risk səviyyəsindən asılı olaraq fərqli tələblər müəyyənləşdirir. Qəbuledilməz risk yaradan bəzi AI tətbiqləri qadağan edilir, yüksək riskli sistemlər üçün isə risklərin idarə edilməsi, məlumatların keyfiyyəti, insan nəzarəti, texniki sənədləşdirmə və monitorinq kimi konkret öhdəliklər müəyyən olunur ( https://eur-lex.europa.eu/eli/reg/2024/1689/oj ).

Akt həmçinin müəyyən AI sistemi tərəfindən yaradılmış və ya manipulyasiya edilmiş məzmunla bağlı şəffaflıq tələbləri müəyyən edir. Beləliklə, AI Aktı məsuliyyətli AI istifadəsi üzrə etik prinsipləri konkret hüquqi öhdəliklər, nəzarət mexanizmləri və sanksiyalarla əlaqələndirir.

AI Aktında sanksiyalar ilk növbədə qadağan edilmiş AI praktikalarından istifadəyə, yüksək riskli sistemlər üzrə müəyyən edilmiş öhdəliklərin pozulmasına, habelə səlahiyyətli qurumlara yanlış, natamam və ya yanıltıcı məlumat təqdim edilməsinə görə tətbiq edilir. AI modellərinin təchizatçıları üçün də ayrıca məsuliyyət nəzərdə tutulur. Sanksiyalar pozuntunun xarakteri və ağırlığından asılı olaraq fərqləndirilir.

Ən ağır pozuntulara görə, xüsusilə qadağan edilmiş AI praktikalarından istifadəyə görə, cərimə 35 milyon avroyadək və ya şirkətin əvvəlki maliyyə ilindəki qlobal illik dövriyyəsinin 7 faizinə qədər müəyyən edilə bilər. Yəni, hansı məbləğ daha yüksəkdirsə, o tətbiq olunur. Digər əsas öhdəliklərin pozulmasına görə cərimə 15 milyon avroyadək və ya illik dövriyyənin 3 faizinə qədər, yanlış, natamam və ya yanıltıcı məlumat təqdim edilməsinə görə isə 7,5 milyon avroyadək və ya dövriyyənin 1 faizinə qədər ola bilər. AI model təchizatçıları üçün də müəyyən pozuntular üzrə 15 milyon avro və ya 3 faizədək cərimə nəzərdə tutulur ( https://eur-lex.europa.eu/eli/reg/2024/1689/oj ).

AI üzrə Çərçivə Konvensiyası

Avropa Şurasının 2024-cü ildə qəbul etdiyi “Süni intellekt və insan hüquqları, demokratiya və hüququn aliliyi haqqında Çərçivə Konvensiyası” AI sahəsində ilk beynəlxalq hüquqi qüvvəyə malik müqavilədir. Konvensiya AI sistemlərinin fəaliyyətinin bütün mərhələlərində həyata keçirilən fəaliyyətlərin insan hüquqları, demokratiya və hüququn aliliyi ilə uyğunluğunu təmin etməyi qarşıya məqsəd qoyur ( https://www.coe.int/en/web/artificial-intelligence/the-framework-convention-on-artificial-intelligence ).

Sənəddə insan ləyaqəti və fərdi muxtariyyət, ayrı-seçkiliyə yol verilməməsi, şəxsi məlumatların qorunması, şəffaflıq və nəzarət, hesabatlılıq və məsuliyyət, etibarlılıq və təhlükəsiz innovasiya əsas prinsiplər kimi müəyyən edilir. Konvensiya həmçinin AI sistemlərinin insan hüquqları, demokratiya və hüququn aliliyinə potensial təsirlərinin qiymətləndirilməsini, risklərin azaldılması tədbirlərinin görülməsini, zəruri hallarda müəyyən AI tətbiqlərinə qadağa və qoyulmasını mümkün mexanizm kimi nəzərdə tutur.

Ümumi prinsiplər və əsas fərqlər

UNESCO Tövsiyəsi, AI Aktı və Çərçivə Konvensiyası müxtəlif hüquqi statusa və tətbiq dairəsinə malik olsalar da, onların yanaşmalarında ciddi oxşarlıqlar vardır. Hər üç sənəddə insan hüquqları, təhlükəsizlik, şəffaflıq, məsuliyyət, insan nəzarəti və ayrı-seçkiliyin qarşısının alınması əsas istiqamətlər kimi önə çıxır.

Bununla yanaşı, sənədlər AI-nin tənzimlənməsinə fərqli yanaşırlar: UNESCO daha çox qlobal etik və siyasət çərçivəsi yaradır, AI Aktı risk əsaslı hüquqi tələblər və sanksiyalar müəyyən edir, Avropa Şurasının Konvensiyası isə insan hüquqları, demokratiya və hüququn aliliyi üzrə beynəlxalq hüquqi öhdəliklər formalaşdırır. Beləliklə, bu sənədlər birlikdə AI-nin insan mərkəzli, təhlükəsiz, şəffaf və hesabatlı inkişafı və istifadəsi üçün çoxsəviyyəli normativ baza yaradır.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


AI-dən məsuliyyətli istifadə prinsiplərini formalaşdıran beynəlxalq sənədlər

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.