Avropa Jurnalistlər Federasiyasının (EFJ) baş katibi Rikardo Qutyerresin (Ricardo Gutiérrez) müsahibəsi

Süni intellekt artıq jurnalistikanın gündəlik fəaliyyətinin müxtəlif mərhələlərinə daxil olub. Məlumatların emalı, müsahibələrin mətnə çevrilməsi, tərcümə, subtitrlərin hazırlanması və digər proseslərdə AI alətlərindən istifadə jurnalistlərin işini asanlaşdıran yeni imkanlar yaradır. Bununla yanaşı, süni intellektin dezinformasiya, müəllif hüquqları, şəffaflıq, jurnalist əməyinin qorunması və redaksiya müstəqilliyi ilə bağlı yaratdığı risklər yeni yanaşmalar tələb edir.

Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutyerresin (Ricardo Gutiérrez) Müşfiq Ələsgərliyə müsahibəsi “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” mövzusuna həsr edilib.

SUAL-1: Süni intellektin sürətli inkişafı jurnalistikanın bütün mərhələlərini-məlumatın toplanması, yoxlanılması, məzmunun hazırlanması, yayılması və auditoriya ilə qarşılıqlı əlaqəni - dəyişdirir. Siz bu transformasiyanı necə qiymətləndirirsiniz? Fikrinizcə, süni intellekt media üçün hansı əsas imkanları yaradır və ən ciddi risklər hansılardır? Ümumilikdə, bugünkü şəraitdə süni intellektin jurnalistikaya təsirini necə dəyərləndirirsiniz?

CAVAB: İlk növbədə qəbul etməliyik ki, süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş reallıqdır. Ona qarşı müqavimət göstərməyin mənası yoxdur, AI artıq hər yerdədir. Buna görə də jurnalistlərin və medianın bu texnologiyanı mənimsəməsi tamamilə təbiidir.

Hər bir alət kimi, süni intellektdən də sui-istifadə etmək təşəbbüsləri olur. Məsələn, dezinformasiyanın yayılması üçün. Məhz buna görə də Avropa Jurnalistlər Federasiyası (EFJ) çox erkən mərhələdə redaksiyalarda AI-dən düzgün istifadəni təmin edəcək etik prinsiplərin hazırlanmasının zəruriliyini qəbul etdi. Nəticədə, 2025-ci ilin sentyabrında EFJ jurnalistikada süni intellektə dair rəsmi mövqeyini qəbul etdi.

Bu sənəd altı əsas prinsipə söykənir:

- Redaksiya üzərində insan nəzarəti əsas şərtdir: AI-nin hansı hallarda istifadə olunacağını media rəhbərliyi və jurnalistlər birlikdə müəyyən etməli, insan redaktəsindən keçməyən AI məzmununun dərcinə yol verilməməlidir.

- Jurnalistlərin əməyi qorunmalıdır: Jurnalistlərin materiallarından AI sistemlərinin öyrədilməsi üçün yalnız onların açıq razılığı ilə istifadə edilməli, müəlliflik göstərilməli və müvafiq ödəniş təmin olunmalıdır.

- Şəffaflıq müzakirə predmeti deyil: AI vasitəsilə hazırlanmış məzmun açıq şəkildə işarələnməli və auditoriya bunu bilməlidir.

- Bütün jurnalistlər üçün bərabər imkan və davamlı təlim təmin edilməlidir: AI alətlərinə yatırımlar yalnız böyük media qurumlarına deyil, yerli və frilans jurnalistlərə də fayda verməlidir.

- AI-dən istifadə jurnalistikanın etik prinsiplərinə uyğun olmalıdır: Həqiqət, qərəzsizlik, məsuliyyət və mənbələrin qorunması kimi fundamental prinsiplər dəyişməz qalmalıdır.

- Jurnalist təşkilatları AI-nin gələcəyinin formalaşdırılmasında iştirak etməlidirlər: Sosial dialoq vasitəsilə onlar ictimai maraqlara xidmət edən AI sistemlərinin hazırlanmasında fəal rol oynamalıdırlar.

Avropada jurnalistləri təmsil edən əsas peşə təşkilatının mövqeyi aydındır: EFJ süni intellektə qarşı deyil, lakin onun istifadəsinin hüquqi və etik qaydalarla tənzimlənməsini zəruri hesab edir.

SUAL-2: Bir çox media qurumu artıq AI vasitəsilə xəbər, foto, video və digər jurnalist məhsulları hazırlayır. Sizcə, belə hallarda auditoriyaya AI-dən istifadə edildiyi barədə mütləq məlumat verilməlidirmi? Oxucu və tamaşaçı AI-nin jurnalistikanın hansı mərhələlərində tətbiq olunduğunu bilməlidirmi?

CAVAB: EFJ bu yaxınlarda Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində jurnalistlərin AI-dən istifadəsinə dair araşdırmanın nəticələrini açıqlayıb.

Sorğumuz göstərir ki, jurnalistlər artıq AI-dən geniş istifadə edirlər. Ən çox istifadə olunan sahələr müsahibələrin və səs yazılarının avtomatik mətnə çevrilməsi və xülasələrinin hazırlanması (76%), eləcə də jurnalist materiallarının daha geniş auditoriyaya çatdırılması üçün avtomatik tərcümə və subtitrlərin yaradılmasıdır (76%).

Araşdırma həmçinin redaksiyalarda AI istifadəsi ilə bağlı ciddi etik narahatlıqları üzə çıxarıb. Jurnalistlərin əsas qayğısı ictimai etimadın qorunmasıdır. Respondentlərin 93,5 faizi deepfake və dezinformasiyanı, 90,3 faizi AI tərəfindən yaradılmış məzmundan sui-istifadəni və eyni faiz avtomatlaşdırılmış xəbərlərlə bağlı etik problemləri ən böyük risklər kimi qiymətləndirib.

Etik normalara riayət olunması AI-dən istifadənin əsas şərtlərindən biridir və ictimai etimadın qorunması üçün həlledici əhəmiyyət daşıyır. Buna görə də AI-nin istifadəsi tam şəffaf olmalıdır. AI-nin köməyi ilə hazırlanmış istənilən jurnalist materialı bu barədə açıq şəkildə auditoriyaya bildirilməlidir. Oxucu, dinləyici və ya tamaşaçı oxuduğu, dinlədiyi və ya izlədiyi materialın AI ilə birgə hazırlandığını bilməyə haqqı vardır.

Bu, EFJ-nin mövqeyində göstərilən üçüncü prinsipdir: "Şəffaflıq həm auditoriya, həm də jurnalistlər üçün müzakirə predmeti deyil. AI ilə hazırlanmış məzmun mütləq işarələnməlidir".

SUAL-3: AI jurnalist peşəsinin mahiyyətini dəyişirmi? Gələcəkdə hansı bacarıqlar daha vacib olacaq və hansı funksiyalar avtomatlaşdırılacaq?

CAVAB: Mən hesab etmirəm ki, AI jurnalistikanın mahiyyətini dəyişir. Peşənin əsas prinsipləri olduğu kimi qalır. Süni intellekt sadəcə jurnalistlərin istifadəsinə verilmiş yeni bir alətdir və hər bir alət kimi həm faydalı, həm də zərərli məqsədlərlə istifadə oluna bilər.

Lakin aydındır ki, jurnalistlərin AI-dən peşəkar istifadə sahəsində təlimə ehtiyacı var. Bu, araşdırmamızın əsas nəticələrindən biridir.

Ən məqsədəuyğun yanaşma odur ki, AI əsasən yorucu və ya insanın yerinə yetirə bilməyəcəyi işləri həyata keçirsin. Məsələn, yüz minlərlə statistik məlumatın emalı kimi. Hazırda jurnalistlər AI-dən ən çox mətnlərin tərcüməsi və səs yazılarının yazılı formaya çevrilməsi üçün istifadə edirlər. Yəni söhbət jurnalistikanı əvəz edən deyil, onu dəstəkləyən funksiyalardan gedir.

SUAL-4: Generativ AI sistemləri müəllif hüquqları ilə qorunan milyonlarla jurnalist materialı əsasında öyrədilir. Sizcə, innovasiyanı məhdudlaşdırmadan jurnalistlərin və media qurumlarının müəllif hüquqlarını qorumaq üçün hansı mexanizmlər yaradılmalıdır?

Cavab: Bu, əsl qalmaqaldır. AI operatorları iri rəqəmsal platformalarla əlbir olaraq jurnalistlərin yaratdığı məzmunu heç bir ödəniş etmədən mənimsəyirlər. Bu, açıq-aşkar talandır. Hökumətlər Big Tech şirkətlərini jurnalist əməyinə görə ödəniş etməyə məcbur etməlidirlər. Müəllif hüquqlarının bu şəkildə oğurlanmasının qarşısını almaq üçün ciddi hüquqi tənzimləmə vacibdir.

SUAL-5: AI alqoritmlərinin xəbərlərin istehsalı, yayılması və tövsiyəsində artan rolu redaksiya müstəqilliyi və jurnalistlərin peşə azadlığı üçün hansı riskləri yaradır?

CAVAB: Alqoritmlər vasitəsilə informasiyanın idarə olunması faktiki olaraq ictimai rəy üzərində Big Tech və AI operatorlarının tam nəzarəti deməkdir. Vətəndaşlar bunun nə qədər təhlükəli olduğunu dərk etməlidirlər. Corc Oruellin "1984" romanında təsvir etdiyi distopiya gözlərimiz önündə gerçəyə çevrilir. Bu gün hər zamankından daha çox azad, müstəqil və plüralist informasiyanı qoruyan jurnalistlərə ehtiyac var. Çünki jurnalistika ictimai maraqlara xidmət edir, alqoritmlər isə çox vaxt Big Tech şirkətlərinin və AI operatorlarının, bəzən isə onların avtoritar və qeyri-liberal rejimlərlə üst-üstə düşən maraqlarına xidmət edir.

Əsl məsələ demokratiyanın totalitarizm qarşısında qorunmasıdır.

SUAL-6: UNESCO, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar AI ilə bağlı hüquqi və etik çərçivələr qəbul ediblər. Sizcə, bunlar kifayət edirmi?

CAVAB: Hökumətlər və beynəlxalq təşkilatlar Big Tech və AI şirkətlərini tənzimləməlidirlər. Lakin media fəaliyyətini tənzimləməməlidirlər. Jurnalistikada AI-dən istifadə qaydalarını jurnalistlərin və medianın özü müəyyən etməlidir. Burada əsas prinsip özünütənzimləmə olmalıdır.

Digər tərəfdən, AI operatorları ciddi şəkildə tənzimlənməli və onların həddindən artıq gəlirləri vergiyə cəlb edilməlidir. Bu vergilər media plüralizminin inkişafına – özəl və ictimai medianın birgə fəaliyyətinə, yerli və icma mediasının dəstəklənməsinə, jurnalistlərin əmək şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir.

SUAL-7: EFJ Avropa İttifaqının AI Aktının tətbiqini necə qiymətləndirir?

CAVAB: 2025-ci il yanvarın 1-dən qüvvəyə minən AI Aktı Avropa İttifaqının əsas AI tənzimləmə sənədidir. Lakin bu qanun platformaların fəaliyyətini kompleks şəkildə tənzimləmir, dezinformasiya və media plüralizmi məsələlərini birbaşa əhatə etmir. Buna görə də biz onun jurnalistikaya böyük təsir göstərəcəyini gözləmirik.

Praktikada tam avtomatik hazırlanmış və insan nəzarəti olmadan dərc edilən materiallar işarələnməlidir. Süni şəkildə yaradılmış bütün şəkillər AI məhsulu kimi qeyd edilməlidir. Media qurumları isə AI-dən redaksiya prosesində necə istifadə etdiklərini izləməli və izah etməlidirlər.

Lakin bizim üçün ən vacib məsələ jurnalist materiallarından icazəsiz AI sistemlərinin öyrədilməsi imkanının aradan qaldırılmasıdır. Bunun üçün hüquqi təminatlar, lisenziyalaşdırma mexanizmləri və jurnalistika üçün sertifikatlaşdırılmış AI alətləri lazımdır.

AI Aktı bu narahatlıqlarımıza yalnız çox məhdud cavab verir.

SUAL-8: EFJ jurnalistikada AI-dən istifadə ilə bağlı hansı prinsipləri hazırlayıb və hazırda hansı layihələri həyata keçirir?

CAVAB: Qeyd etdiyim kimi, EFJ redaksiyalarda AI-dən istifadə ilə bağlı rəsmi mövqeyini qəbul edib və üzv təşkilatlarını bu prinsipləri milli səviyyədə tətbiq etməyə çağırır. Bundan əlavə, EFJ öz internet saytında AI məsələlərinə həsr olunmuş xüsusi bölmə yaradıb ki, jurnalistlər və üzv təşkilatlar bu sahədə məlumat əldə edə bilsinlər.

Federasiya həmçinin jurnalistlər və jurnalist təşkilatları arasında aparılmış sorğu əsasında AI və jurnalistika mövzusunda geniş araşdırma dərc edib.

EFJ bundan sonra da müəllif hüquqları, məlumatlardan istifadə və alqoritmlərin şəffaflığı ilə bağlı effektiv hüquqi tənzimləmələrin qəbulunu müdafiə edəcək. Eyni zamanda, jurnalistikada AI-dən istifadəyə dair kollektiv əmək müqavilələri mexanizmlərinin yaradılmasını da vacib hesab edirik.

Hələ görüləsi çox iş var. Əgər ictimai maraq hissi olmayan iri AI operatorlarının nəzarətsiz fəaliyyətinin qarşısı alınmasa, onlar media ekosistemlərini dağıda və nəticədə demokratiyanı zəiflədə bilərlər.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


AI və jurnalistikanın gələcəyi: məsuliyyət, şəffaflıq və media müstəqilliyi

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.