Azərbaycan süni intellekt texnologiyalarının sürətli inkişafını nəzərə alaraq, bu sahədə milli siyasət formalaşdırıb. Dövlət siyasətinin əsas mərhələlərindən biri 2025-ci il martın 19-da qəbul edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”dır. Sənəd AI-nin ölkədə inkişafını sürətləndirməyi, bu sahədə elmi tədqiqatları təşviq etməyi, müvafiq informasiya texnologiyalarını və idarəetmə mexanizmlərini təkmilləşdirməyi nəzərdə tutur (https://president.az/az/articles/view/68364 ).

Müvafiq infrastrukturun əlçatanlığının təmin edilməsi, ixtisaslı kadr potensialının artırılması da strategiyanın əsas məqsədləri sırasındadır. Sənəd süni intellekti yalnız texnoloji yenilik kimi deyil, iqtisadiyyatın, dövlət idarəçiliyinin və cəmiyyətin inkişafına təsir göstərən strateji istiqamət kimi qəbul edir.

Strategiyada dörd əsas istiqamət önə çəkilir. İlk növbədə, süni intellektin idarə edilməsinin təkmilləşdirilməsi, məlumat və hesablama infrastrukturunun inkişaf etdirilməsi, kadr potensialının gücləndirilməsi və ictimai maarifləndirmə kampaniyalarının həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, sənəddə süni intellektin yaratdığı risklərin idarə olunmasına da xüsusi diqqət yetirilir ( https://president.az/az/articles/view/68365 ).

Dövlət qurumlarında süni intellekt tətbiq edilən sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlili və müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə edilib. Beləliklə, Azərbaycanın yanaşmasında süni intellekt siyasəti bir tərəfdən texnologiyanın geniş tətbiqini, digər tərəfdən isə onun yaratdığı təhlükələrin əvvəlcədən qiymətləndirilməsini nəzərdə tutur.

Rəqəmsal inkişaf və süni intellektin dövlət idarəçiliyində tətbiqi

Süni intellekt Strategiyasının növbəti mərhələsi bu texnologiyaların dövlət idarəçiliyində və iqtisadiyyatda praktiki tətbiqinin genişləndirilməsidir. Bu istiqamətdə mühüm addımlardan biri 2026-cı ilin fevralında Rəqəmsal İnkişaf Şurasının yaradılması olub. Şuraya 2026-2028-ci illər üçün Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi, həmçinin, onların icrasına nəzarət funksiyası verilib. Şuranın ilk iclası iyunun 29-da keçirilib ( https://president.az/az/articles/view/72855/print ).

Fəaliyyət Planı dövlət qurumlarında süni intellektdən istifadənin əsas göstəricilərinimüəyyənləşdirir, “süni intellekt indeksi”nin tətbiqini nəzərdə tutur. Dövlət xidmətlərində süni intellekt əsaslı interaktiv virtual köməkçilərin yaradılması, Azərbaycan dilində Böyük Dil Modellərinin hazırlanması və yüksək hesablama imkanlarının genişləndirilməsi də əsas istiqamətlərdəndir. Beləliklə, dövlət siyasəti yalnız AI texnologiyalarından hazır formada istifadə etməyə deyil, ölkə daxilində süni intellekt üçün infrastruktur, kadr və texnoloji imkanlaryaradılmasını təmin edir ( https://static.president.az/upload/Files/2026/03/01/3a11b05766a6b2c08f7a5000a393ca03_2828342.pdf ).

İnsan kapitalı və milli AI imkanlarının formalaşdırılması

Süni intellekt sahəsində dövlət siyasətinin digər mühüm istiqaməti bu texnologiyaları tətbiq edə biləcək insan kapitalının və milli texnoloji imkanların formalaşdırılmasıdır. Bu istiqamətdə 2025-ci ildə fəaliyyətə başlayan Süni İntellekt Akademiyası xüsusi əhəmiyyət daşıyır. Akademiyanın yaradılması AI üzrə bilik və bacarıqların genişləndirilməsinə, yeni mütəxəssislərin hazırlanmasına və ölkədə süni intellekt üzrə peşəkar mühitin formalaşmasına xidmət edir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, 2025-ci il ərzində AI Akademiyası fəaliyyətə başlayıb ( https://mincom.gov.az/az/nazirlik/tarix/2025 ).

Digər mühüm istiqamət Azərbaycan dilində süni intellekt imkanlarının inkişaf etdirilməsidir. 2026–2028-ci illər üçün Rəqəmsal İnkişaf Fəaliyyət Planında Azərbaycan dili üzrə Böyük Dil Modellərinin hazırlanması nəzərdə tutulur. Bu, Azərbaycan dilinin süni intellekt sistemlərində daha geniş və keyfiyyətli istifadəsi, yerli məlumatların və dil xüsusiyyətlərinin nəzərə alınması baxımından əhəmiyyətlidir.

Milli texnoloji imkanların genişləndirilməsi üçün yüksək hesablama infrastrukturunun yaradılması da nəzərdə tutulur. Bu məqsədlə Milli GPU əsaslı Superkompüter Mərkəzinin yaradılması və onun imkanlarından elmi müəssisələrin, startapların və digər təşkilatların istifadəsinin təmin edilməsi planlaşdırılıb. Beləliklə, dövlət siyasəti yalnız xaricdə hazırlanmış AI məhsullarından istifadəni deyil, Azərbaycanda süni intellekt üzrə bilik, kadr və texnoloji imkanların formalaşdırılmasını da hədəfləyir ( https://mincom.gov.az/az/media/xeberler/birinci-vitse-prezident-mehriban-eliyevanin-sedrliyi-ile-reqemsal-inkisaf-surasinin-ilk-iclasi-kecirilib ).

Deepfake və süni intellektdən sui-istifadəyə qarşı hüquqi mübarizə

Süni intellektin yaratdığı əsas risklərdən biri şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə etməklə, reallığı əks etdirməyən materialların hazırlanıb yayılmasıdır. Azərbaycan bu sahədə 2026-cı ildə qanunvericiliyə mühüm dəyişikliklər edib. Aprelin 21-də qəbul edilən qanunla Cinayət Məcəlləsinə yeni 148-2-ci maddə əlavə olunub. Buna əsasən, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə etməklə süni intellekt və ya xüsusi proqram təminatı vasitəsilə saxta foto, video və audio materialların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır ( https://president.az/az/articles/view/72311 ).

Qanunvericilikdə pornoqrafik və seksual məzmunlu saxta materiallara görə ayrıca məsuliyyət də müəyyən edilib. Cinayət Məcəlləsinin yeni 242-1-ci maddəsinə əsasən, şəxsin razılığı olmadan onun görüntü və ya səsindən istifadə etməklə belə materialların hazırlanması və yayılması üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Eyni qanunla “Media haqqında” Qanuna da dəyişiklik edilərək bu cür materialların mediada yayılması qadağan olunub. Bundan başqa, AI vasitəsilə hazırlanmış foto, video və audio materiallar kütləvi nümayiş etdirilərkən onların süni intellektlə hazırlandığını aydın və asan görünən nişanlama ilə göstərmək tələbi müəyyənləşdirilib ( https://president.az/az/articles/view/72311 ).

Beləliklə, Azərbaycan qanunvericiliyi AI-dən istifadənin özünü məhdudlaşdırmaqdan daha çox, onun insan hüquqlarına və informasiya mühitinə zərər vuran formalarının qarşısını almağa yönəlir. Bu yanaşma xüsusilə media üçün əhəmiyyətlidir və növbəti məqalədə ayrıca nəzərdən keçirəcəyimiz məsələlərdən biridir.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


Azərbaycanda süni intellekt siyasəti:

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.