Beynəlxalq sənədlərdə qeyd edilir ki, süni intellektin məsuliyyətli tətbiqinin təmin edilməsi müstəvisində dövlətlərin üzərinə mühüm vəzifələr düşür. Dövlətin rolu yalnız AI texnologiyalarının inkişafını stimullaşdırmaq və innovasiyaya şərait yaratmaqla məhdudlaşmır. Dövlətlərə insan hüquqları, demokratiya, hüququn aliliyi, təhlükəsizlik və şəxsi məlumatların qorunmasını təmin edən hüquqi və institusional mexanizmlərin yaradılması tövsiyə edilir.

UNESCO-nun qəbul etdiyi “Süni intellektin etikası haqqında Tövsiyə”də dövlətlərə AI idarəçiliyinin inklüziv və şəffaf qurulması, təsirlərin monitorinqi, nəzarət və hüquqi müdafiə mexanizmlərinin yaradılması tövsiyə edilir. Tövsiyənin 55-ci bəndində göstərilir ki, AI sistemlərinin yaratdığı zərərlərin araşdırılması və aradan qaldırılması üçün dövlətlərin effektiv mexanizmlər yaratması vacibdir. Sənəddə həmçinin AI sistemlərinin audit edilə və izlənilə bilən olmasının təmin edilməsi, eləcə də onların təsirlərinin qiymətləndirilməsi və monitorinqi nəzərdə tutulur ( https://www.unesco.org/en/legal-affairs/recommendation-ethics-artificial-intelligence ).

Dövlətlərin əsas vəzifələrindən biri aydın və işlək hüquqi çərçivənin yaradılmasıdır. AI texnologiyalarının sürətli inkişafı mövcud qanunların tətbiqində yeni suallar yaratdığından, dövlətlər insan hüquqları, şəxsi məlumatların qorunması, ayrı-seçkiliyin qarşısının alınması, istehlakçı hüquqları, müəlliflik hüququ və informasiya təhlükəsizliyi kimi sahələrdə AI ilə bağlı riskləri nəzərə almalıdırlar.

Konvensiya öhdəlikləri

Avropa Şurasının AI üzrə Çərçivə Konvensiyası da dövlətlərin AI sistemlərinin tənzimlənməsi və istifadəsi zamanı insan hüquqları, demokratiya və hüququn aliliyi prinsiplərini əsas götürməsini nəzərdə tutur. Konvensiya dövlətlərdən həmçinin özəl sektor tərəfindən həyata keçirilən AI fəaliyyətlərinin yaratdığı risk və təsirləri uyğun qanunvericilik, inzibati və digər tədbirlərlə əhatə etməyi tələb edir ( https://www.coe.int/en/web/artificial-intelligence/the-framework-convention-on-artificial-intelligence ).

İkinci mühüm istiqamət səmərəli nəzarət mexanizmlərinin yaradılmasıdır. Dövlət yalnız qaydaları müəyyən etməklə kifayətlənməməli, onların icrasına nəzarət edə bilən qurumların fəaliyyətini də təmin etməlidir. Avropa İttifaqının AI Aktı bu baxımdan konkret nümunədir: onun 70-ci maddəsinə əsasən, hər bir üzv dövlət ən azı bir bildiriş orqanı və bir nəzarət orqanı olmaqla milli səlahiyyətli qurumlar müəyyən etməlidir. Bu qurumlar öz vəzifələrini müstəqil, qərəzsiz və effektiv şəkildə yerinə yetirmək üçün zəruri səlahiyyət, ekspertiza və resurslara malik olmalıdır ( https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?hl=en-US&uri=CELEX:32024R1689 ).

Dövlətlərin digər mühüm vəzifəsi AI sistemlərinin insan hüquqlarına və ictimai həyata təsirlərinin qiymətləndirilməsini təmin etməkdir. Avropa Şurasının Çərçivə Konvensiyası dövlətlərdən AI sistemlərinin insan hüquqları, demokratiya və hüququn aliliyinə potensial təsirlərinin qiymətləndirilməsini, bu qiymətləndirmələrin nəticələrinə əsasən risklərin qarşısının alınması tədbirlərinin müəyyənləşdirilməsini tələb edir. Zəruri hallarda müəyyən AI tətbiqlərinin qadağan edilməsi, yaxud onların istifadəsinə moratorium qoyulması mümkün mexanizm kimi nəzərdə tutulur.

Hüquqi müdafiə və şikayət mexanizmlərinin təmin edilməsi dövlətin məsuliyyətinin mühüm hissəsidir. AI sisteminin tətbiqi insanın hüquqlarına əhəmiyyətli təsir göstərdikdə, həmin şəxs sistem və onun istifadəsi barədə müvafiq məlumat əldə etmək, qəbul edilmiş qərara etiraz etmək və zəruri hallarda səlahiyyətli dövlət orqanına şikayət vermək imkanına malik olmalıdır. Avropa Şurasının Çərçivə Konvensiyası təsirə məruz qalan şəxslər üçün effektiv hüquqi müdafiə vasitələrini, prosessual təminatları və şikayət imkanlarını nəzərdə tutur. Sənəd həmçinin şəxslərin AI sistemi ilə qarşılıqlı əlaqədə olduqları barədə, kontekstdən asılı olaraq, məlumatlandırılmasını tələb edir.

Dövlət qurumlarında AI-dən istifadə şərtləri

Dövlətin məsuliyyəti öz qurumlarının AI-dən istifadəsinə də şamil olunur. Dövlət orqanları AI sistemlərindən istifadə edərkən şəffaflıq, insan nəzarəti, ayrı-seçkiliyin qarşısının alınması, şəxsi məlumatların qorunması və hesabatlılıq prinsiplərinə riayət etməlidirlər. Xüsusilə sosial xidmətlər, hüquq-mühafizə, məhkəmə, miqrasiya, səhiyyə və digər həssas sahələrdə AI-nin istifadəsi insan hüquqlarına təsir göstərə bildiyindən, dövlət bu sistemlərin tətbiqinə xüsusi nəzarət etməlidir. Avropa Şurasının yanaşması da dövlət orqanlarının AI sistemlərinin bütün həyat dövründə Konvensiyanın prinsiplərinə uyğun hərəkət etməsini nəzərdə tutur.

Nəhayət, dövlətlərin daha bir öhdəliyi ictimaiyyətin AI haqqında məlumatlandırılmasını və AI savadlılığının artırılmasını təmin etməkdir. UNESCO dövlətlərə AI və məlumatlar haqqında ictimai anlayışın inkişaf etdirilməsini, rəqəmsal bacarıqlar və AI etikası üzrə təhsili, həmçinin media və informasiya savadlılığının gücləndirilməsini tövsiyə edir. Bu yanaşma xüsusilə media sahəsində əhəmiyyətlidir. Vətəndaş AI tərəfindən yaradılan və ya manipulyasiya edilən məzmunun etibarlılığını qiymətləndirmək və zəruri hallarda hüquqlarını müdafiə etmək imkanına malik olmalıdır.

Beləliklə, beynəlxalq sənədlər dövlətin AI sahəsində rolunu “qanun qəbul edən tərəf”dən daha geniş məsuliyyət sistemi kimi müəyyənləşdirir. Dövlət həm hüquqi qaydaları müəyyən etməli, həm onların icrasına nəzarət etməli, həm riskləri qiymətləndirməli, insanlara effektiv hüquqi müdafiə imkanları yaratmalı, öz AI istifadəsində nümunəvi davranmalı və cəmiyyətin bu texnologiya barədə məlumatlılığını artırmalıdır. Bu öhdəliklərin əsas məqsədi innovasiyanın qarşısını almaq deyil, süni intellektin inkişafını insan hüquqları, demokratiya və ictimai maraqlarla uyğunlaşdırmaqdır.

Növbəti məqaləmizdə AI üzrə öhdəliklərin birbaşa media təşkilatları və jurnalistlər üçün nə ifadə etdiyini, redaksiyalarda AI-dən istifadənin hansı qaydalar və prinsiplər əsasında həyata keçirilməli olduğunu araşdırıb təqdim edəcəyik.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


AI risklərinin azaldılması üzrə dövlətlərin vəzifələri  

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.