Media redaksiyaları süni intellekt texnologiyalarından jurnalistin çox vaxt sərf etdiyi, təkrarlanan və texniki xarakter daşıyan işlərin icrasında istifadə edirlər. Beynəlxalq jurnalist təşkilatlarının hesabatlarında qeyd edilir ki, tərcümə işlərinin, avtomatik transkripsiyaların hazırlanması, canlı subtitrlərin yaradılması kimi müxtəlif proseslərin Aİ vasitəsilə icra edilməsi artıq media üçün gündəlik təcrübəyə çevrilib.
AI-nin ən geniş istifadə sahələrindən biri də audio və videomaterialların mətnə çevrilməsidir. Müsahibələr, çıxışlar, press-konfranslar və digər audio-video materiallar AI vasitəsilə daha qısa müddətdə transkripsiya edilə bilir. Bu, jurnalistin məlumatı araşdırmasını, ondan xəbər, sitat və digər məzmun formaları hazırlamasını asanlaşdırır.
Tərcümə və çoxdilli məzmun istehsalı Aİ-nin media üçün mühüm töhfələrindən biridir. Xüsusilə transmilli media qurumları üçün bir materialın müxtəlif dillərə çevrilməsi həm vaxt, həm də resurs tələb edən prosesdir. Məsələn, EBU-nun (Avropa Yayımçılar Birliyinin) hesabatında qeyd edilir ki, Deutsche Welle 32 dildə yayımlanan verilişlərində AI əsaslı tərcümə və səsləndirmə texnologiyalarından istifadə edir. Bu, materialların başqa dillərdə hazırlanmasını sürətləndirməyə yardım edir. DW-nin baş redaktoru Manuela Kasper-Claridge EBU araşdırması üzrə müsahibəsində bildirib ki, AI tərcümə və səsləndirməyə sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır. Bununla yanaşı, DW redaktoru AI tərəfindən hazırlanmış tərcümə və səsləndirmənin redaktor tərəfindən yoxlanmasının vacibliyini vurğulayır ( https://www.ebu.ch/news/2024/08/you-cant-look-at-genai ).
Reuters Agentliyinin qlobal mövzular üzrə redaktoru Jane Barrett EBU ilə müsahibəsində qeyd edib ki, şirkətin əməkdaşları AI-dən istifadə üzrə təlim keçiblər: “Bu texnologiyadan ilkin redaktə və xəbərlərin qısa mətnlərə çevrilməsində istifadə edirlər. Redaksiya video transkripsiya, tərcümə, üz tanıma kimi məsələlərdə də Aİ-dən faydalanırlar”.
AI-nin digər mühüm tətbiq istiqaməti böyük həcmdə məlumatların ilkin emalı və təhlilidir. Jurnalistlər böyük sənədləri, məlumat bazalarını və çoxsaylı materialları daha sürətli nəzərdən keçirmək, müəyyən nümunələri aşkar etmək üçün AI-dən yararlanırlar. Süni intellekt eyni media materiallarını müxtəlif auditoriyalara və platformalara uyğunlaşdırmağa imkan verir. Yəni, AI təkcə xəbər istehsalının sürətini artırmır, həm də jurnalistik məzmunun müxtəlif formatlarda və daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.
Avropa Yayımçılar Birliyi qeyd edir ki, belə işlərin avtomatlaşdırılması jurnalistə araşdırma, müsahibə, fakt yoxlaması üçün daha çox vaxt ayırmağa imkan yaradır. Amma bu, AI-nin “jurnalistin yerinə işləməsi” deyil. O, sadəcə texniki işləri öz üzərinə çıkməklə, jurnalistin daha vacib işlərə vaxt ayırmasına imkan yaradır. Burada əsas vurğu odur ki, generativ AI mediada əsas prinsipləri, jurnalistin peşəkar mühakiməsini əvəz etmir. Jurnalistin vaxtını alan texniki xarakterli, təkrarlanan işləri yüngülləşdirir.
Süni intellekt mediada hansı müsbət dəyişiklikləri yaradıb?
Reuters İnstitutunun 2025-ci il üzrə araşdırmasına görə, sorğuya qatılan media rəhbərlərinin 87 faizi generativ AI-nin xəbər redaksiyalarını qismən, bəziləri isə tamamilə dəyişdirdiyini bildiririblər. Respondentlərin 77 faizi generativ AI-nin məzmun yaradılmasında, 73 faizi isə fakt toplama funksiyalarında, o cümlədən verifikasiya, data jurnalistikası və araşdırmalarda mühüm rol oynaydığını bildiriblər ( Journalism, media, and technology trends and predictions 2025: https://reutersinstitute.politics.ox.ac.uk/journalism-media-and-technology-trends-and-predictions-2025 ).
AI-nin mediaya təsiri bununla bitmir. Texnologiya jurnalistikanın daha geniş auditoriyaya çıxış imkanlarını artırır. Reuters İnstitutunun eyni adlı hesabatında qeyd edilir ki, sorğuda iştirak etmiş 326 media rəhbərinin 75 faizi Aİ-dən mətni səsli (audio) formata çevirmək, 70 faizi xəbərlərin əvvəlində xülasələrin hazırlanması, 65 faizi materialların müxtəlif dillərə tərcümə edilməsi üçün istifadə etməyi planlaşdırır. Yəni, əksəriyyət AI-dən köməkçi funksiyalarda istifadə olunmasını daha məqbul hesab edir.
Digər mühüm dəyişiklik data jurnalistikasında müşahidə olunur. İspaniyanın “Datadista layihəsi”nin təmsilçiləri Reuters sorğusuna cavablarında bildiriblər ki, böyük həcmdə sənədlərin, məlumat bazalarının və müxtəlif mənbələrdən gələn informasiyanın ilkin emalı əvvəllər jurnalistlər üçün həftələr, bəzən aylar tələb edirdi. İndi isə Aİ bu işləri dəqiqələr, bəzən isə saniyələr ərzində yerinə yetirə bilir ( https://reutersinstitute.politics.ox.ac.uk/journalism-media-and-technology-trends-and-predictions-2025 ). Beləliklə, generativ AI medianın sürət, məhsuldarlıq, çoxdillilik, əlçatanlıq və məzmunun müxtəlif formatlarda təqdim olunması imkanlarını genişləndirir.
Lakin burada mühüm bir məqamı nəzərdən qaçırmaq olmaz ki, sürət jurnalistikanın özü deyil. Jurnalistikanın dəyəri xəbəri tez hazırlamaqda yox, mənbəni qiymətləndirməkdə, faktları yoxlamaqda, konteksti müəyyənləşdirməkdə və ictimai marağı nəzərə almaqda ifadə olunur. EBU-nun yanaşmasına görə, AI texniki işləri öz üzərinə götürdükcə, jurnalistin peşəkar dəyəri-araşdırma, mənbə ilə ünsiyyət, fakt yoxlaması daha çox ön plana çıxır.
Beynəlxalq media təşkilatlarının AI barədə dəyərləndirmələri
AI-nin jurnalistikaya təsiri ilə bağlı beynəlxalq təşkilatların yanaşmasında diqqət çəkən məqam texnologiyanın nə tamamilə təhlükə, nə də avtomatik həll yolu kimi təqdim edilməsidir. Ümumi yanaşma budur ki, AI jurnalistikanın imkanlarını genişləndirə bilər, lakin onun istifadəsi insan nəzarəti, peşəkar məsuliyyət və jurnalistikanın əsas prinsipləri ilə müşayiət olunmalıdır.
Avropa Yayımçılar Birliyi (EBU) qeyd edir ki, redaksiyalar AI-nin jurnalistin yerinə keçməsinə imkan verməməli, ondan yalnız texniki işlər üçün istifadə etməlidirlər. UNESCO da oxşar yanaşma nümayiş etdirir. 2025-ci il Ümumdünya Mətbuat Azadlığı Günü çərçivəsində təşkilolunan toplantıda çıxış edən UNESCO baş direktoru Audrey Azoulay AI-nin “informasiyaya çıxışı, onun toplanmasını və yoxlanılmasını yaxşılaşdırmaq” potensialını xüsusi qeyd edib. Bununla yanaşı, UNESCO direktoru AI-nin müəllif hüquqları, müstəqil jurnalistika və məzmunplüralizmi üçün yaratdığı riskləri də vurğulayıb ( https://www.unesco.org/en/articles/wpfd-2025-exploring-future-journalism-ai-driven-world ).
Beynəlxalq təşkilatların ümumi yanaşması belədir ki, “AI+insan nəzarəti” media üçün ən effektiv modeldir. AI nə qədər sürətli və məhsuldar olsa da, o, yaratdığı məzmunun həqiqətə uyğunluğuna təminat vermir. Bu mənada AI-nin media sektorunda istifadənin genişlənməsi eparalel olaraq yeni risklər yaradır. Növbəti məqaləmizdə generativ süni intellektin mediada yaratdığı neqativ təsirlərdən bəhs ediləcək.
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb
Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.
Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.