Xalq artisti, tanınmış aktrisa Nuriyyə Əhmədova artıq bir neçə ildir ki, seriallara və filmlərə çəkilmir. Aktrisa Milli.Az-a açıqlamasında bunun əsas səbəblərindən danışıb:
"Səhhətimlə əlaqədar olaraq artıq bir neçə ildir ki, serial və filmə çəkilmirəm. Seriallara çəkilməməyimin bir səbəbi xəstəliyimdirsə, digər səbəbi də çəkilən ekran işlərini bəyənməməyimdir. Çünki çox primitiv ssenarilər və aktyor oyunları görürəm. Bəzən oturub yerli serialları izləyirəm. Ona görə izləmirəm ki, həvəsindəyəm. Sadəcə orada mənim hörmət etdiyim aktyor yoldaşlarım çəkilirlər. Rejissorlar məndən inciməsinlər. Amma deyəcəyəm... Qadınları bu dərəcədə alçaltmaq olmaz. Hansı seriala baxırsan, qadınlarımızı pis yola düşən, həyat yoldaşı ilə dava edən rollarda göstərirlər. Qətiyyən bunun əleyhinəyəm. Axı bizim qadınlar bu cür deyillər. Pisi göstərəndə yaxşını da göstərmək lazımdır.
Xəstə olduğum müddətdə seriallara çəkilməyə dəvət gəldi, amma mən gedə bilmədim. İndi fikirləşirəm ki, yaxşı ki, getməmişəm. Mən filmdə çəkilmək istərdim, o da baxır hansı rejissorun filmində və kimlərlə. Bu gün film çəkənlərin çoxusu gənc rejissorlardır. İstər-istəməz mən gənc rejissora məsləhət verəcəyəm, bunu da hər rejissor götürmür. İnşallah, sağlamlığıma qovuşandan sonra bu haqda fikirləşərəm. Hal-hazırda mən yalnız səhhətimi düşünürəm".
Əli Rəhimoğlu
Milli.Az