2026-cı ilin ilk yarısında Azərbaycanda listinqdə olan səhmlərin bazar kapitallaşması 37 faiz artaraq 3,65 milyard manata yüksəlib.

Metbuat.az-ın Bakı Fond Birjasının hesabatına istinadən verdiyi məlumata görə, yanvar-iyun aylarında səhm bazarında ilkin bazar dövriyyəsi 51,7 milyon manat, təkrar bazar dövriyyəsi isə 8,8 milyon manat olub.

Təkrar bazarda əsas aktivlik ABB və “PAŞA Bank” səhmləri üzrə qeydə alınıb. İyun ayında ABB səhmləri üzrə ümumi məbləği 2 milyon manat olan 1 400 əqd, “PAŞA Bank” səhmləri üzrə isə 600 min manatlıq 628 əqd həyata keçirilib.

Bununla yanaşı, səhm bazarında yüksək konsentrasiya qorunub. Maliyyə sektorunun listinqdə olan səhmlərin ümumi bazar kapitallaşmasında payı 99 faiz təşkil edib.

Bazar dəyərinin böyük hissəsi də məhdud sayda şirkətin payına düşüb. Belə ki, 8 şirkət ümumi bazar kapitallaşmasının təxminən 91 faizini formalaşdırıb.