İngiltərədə kənd təsərrüfatı sahəsində aparılan qazıntı zamanı tarixin ən böyük arxeoloji xəzinələrindən biri üzə çıxarılıb. Metal detektoru ilə aparılan axtarış nəticəsində VII əsrə aid minlərlə qızıl və gümüş əşya aşkarlanıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İngiltərənin Staffordshire bölgəsində baş verib. Həvəskar metal detektoru istifadəçisi Terri Herbert tarlada axtarış apararkən torpağın altından bir-birinin ardınca qızıl və gümüş əşyalar çıxarıb. O, tapıntı barədə dərhal aidiyyəti qurumlara məlumat verib.
Ərazidə aparılan qazıntı və araşdırmalar nəticəsində ümumilikdə 244 dolu torba tarixi əşya üzə çıxarılıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, xəzinənin ümumi dəyəri 3,285 milyon funt sterlinq olub. Qanunvericiliyə uyğun olaraq əldə olunan məbləğ xəzinəni tapan Terri Herbertlə torpaq sahibi Fred Conson arasında bölüşdürülüb. Onların hər birinə təxminən 1,64 milyon funt sterlinq ödənilib.
Xəzinənin tərkibində təxminən 5 kiloqram qızıl və 1,3 kiloqram gümüş olduğu müəyyən edilib. Muzey inventarına daxil edilən tarixi əşyaların ümumi sayı isə 3900-dən çoxdur.
Tapıntılar arasında əsasən qılınc dəstəkləri və onların hissələri, dəbilqəyə aid parçalar, həmçinin nadir xristianlıq simvolları yer alır. Araşdırmalar bu əşyaların yüksək sənətkarlıq nümunələri olduğunu göstərib.
Alimlərin fikrincə, VII əsrə aid bu əşyaların hazırlanmasında istifadə olunan texnologiya və materialların yüksək keyfiyyəti onların kral ailəsinə və ya dövrün nüfuzlu şəxslərinə məxsus ola biləcəyini göstərir.