Qara dənizdə Ukraynaya məxsus olduğu bildirilən iki yük gəmisinə hücum edilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Qara dənizin şimal-qərb hissəsində Odessa limanına doğru hərəkət edən iki quru yük gəmisinin pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlayıb.

Nazirliyin məlumatına görə, gəmilər Ukrayna ordusu üçün hərbi təyinatlı material daşıyıb. Zərbələrin dənizdə hərəkətdə olan gəmilərə endirildiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyi eyni açıqlamada Kiyevdə Dnepr çayı üzərində yerləşən Şimal körpüsünün də hədəfə alındığını qeyd edib. Moskva həmin körpünün hərbi texnika və şəxsi heyətin daşınmasında istifadə edildiyini iddia edib.

Yük gəmilərinə endirilən zərbələrin nəticələri, heyət üzvlərinin vəziyyəti və dəymiş zərərin miqyası barədə ətraflı məlumat verilməyib. Rusiyanın hücumla bağlı açıqladığı məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Qara dənizdə ticarət gəmilərinə qarşı təhlükəsizlik risklərinin artması bölgədə gəmiçiliklə bağlı narahatlıqları da gücləndirib.