Siyasətdə bəzən bir açıqlama, deyilən üç-beş kəlmə söz insanın mahiyyətini üzə çıxarır. Azərbaycanla Türkiyə kimi qardaş ölkələr arasında hansısa hadisəyə münasibət bildirmək isə böyük məsuliyyət tələb edir. Çünki iki dövlətin münasibətləri ayrı-ayrı siyasətçilərin ritorikasından və siyasi maraqlarından daha üstündür. Bəs Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral niyə Azərbaycanla bağlı sərt mövqe sərgiləyir? Azərbaycan kimə və nəyə görə hesab verməlidir?
Yeni Azərbaycan Partiyası (YAP) bununla bağlı artıq həyəcan təbili çalıb. Hakimiyyət partiyasının bəyanatında Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycana qarşı qərəzli məlumatların yayıldığı vurğulanır. Narahatlıq doğuran digər məqam isə dini və siyasi mövzuların ictimai rəyə təsir göstərmək üçün istifadə edilməsidir. Yüksək vəzifəli şəxslərin də bu müzakirələrə qoşulması vəziyyəti daha həssas edir.
Əvvəlcə bir həqiqəti xatırladaq: Azərbaycan müstəqil dövlətdir. Öz Konstitusiyası, qanunları və milli maraqları var. Türkiyə ilə qardaşlığımız da bu müstəqillik üzərində qurulub. Qardaşlıq qarşılıqlı hörmət, bərabərlik və çətin gündə bir-birinə dəstək deməkdir. Bir tərəfin digərinə öz siyasi iradəsini qəbul etdirməsi deyil.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin mahiyyəti də məhz budur. Azərbaycan və Türkiyə bir millətin övladları olsa da, iki müstəqil dövlətdir. Bu prinsip heç kimə digər ölkənin daxili işlərinə müdaxilə etmək hüququ vermir.
YAP-ın açıqlamasında haqlı olaraq Azərbaycan-İsrail münasibətlərinin təhrif edilməsinə və Fələstin məsələsində ölkəmizin mövqeyinin nəzərə alınmamasına etiraz edilir. Azərbaycan Fələstin xalqının hüquqlarını dəstəkləyir, humanitar yardım göstərir və problemin beynəlxalq hüquq əsasında, iki dövlət prinsipi ilə həllini müdafiə edir. Buna görə də ölkəmizin xarici siyasətini sosial şəbəkələrdə yayılan ittihamlarla qiymətləndirmək düzgün deyil. Dövlətlərin mövqeyi şüarlarla deyil, konkret addımlarla ölçülməlidir.
Hicab və dini etiqad azadlığı ətrafında aparılan müzakirələr də bu məsələnin bir hissəsidir. Dini inanclar həssas mövzudur. Fərqli fikirlərin səslənməsi təbiidir. Ancaq dini simvollardan siyasi təzyiq vasitəsi kimi istifadə etmək və cəmiyyətdə qarşıdurma yaratmaq qəbuledilməzdir.
Azərbaycan dünyəvi dövlətdir. Bu, dini dəyərlərin inkarı deyil. Məqsəd qanunun aliliyini və bütün vətəndaşların hüquqlarını qorumaqdır. Məktəblərdə tətbiq olunan qaydalar da Azərbaycan qanunvericiliyi və təhsil siyasəti əsasında müzakirə edilməlidir. Bu məsələni ölkəmizə qarşı siyasi kampaniyaya çevirmək doğru yanaşma deyil.
Türkiyənin Azərbaycana münasibətini də ayrı-ayrı siyasətçilərin açıqlamaları ilə eyniləşdirmək olmaz. İki xalq arasındakı sevgi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri hər hansı şəxsin bəyanatından daha böyük məna daşıyır. Elə buna görə də siyasi təmsilçilər sözlərinin nəticələrini düşünməli, qarşılıqlı etimada zərər vura biləcək ittihamlardan çəkinməlidirlər.
Oktay Saral və digər siyasi təmsilçilər bir həqiqəti unutmamalıdırlar: Azərbaycan heç kimin düşməni deyil, amma heç kimin siyasi iradəsinin də davamı deyil. Ölkəmiz öz qərarlarını özü verir və milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirir.
Sonda sual yenə açıq qalır: Saral niyə üzümüzə bozardı? Qardaşlıqdan danışanlar niyə qardaş ölkənin mövqeyini anlamaq əvəzinə ona irad tutmağa üstünlük verirlər?
“Bir millət, iki dövlət” prinsipi qarşılıqlı hörmət tələb edir. Bu prinsipə sədaqət isə sözlə deyil, davranışla sübut olunur.
Nazim Hüseynzadə / Metbuat.az