ABŞ-də hərbi məqsədlər üçün genetik xüsusiyyətləri dəyişdirilmiş itlərin yetişdirilməsi layihəsinə start verilib. Layihəyə 200 milyon dollar investisiya yatırılıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Warhound" adlı şirkət tərəfindən həyata keçirilən layihədə itlərin daha sağlam, sürətli və çevik olması, həmçinin qoxu hissiyyatının gücləndirilməsi hədəflənir. İlk mərhələdə heyvanlarda omba displaziyası və bəzi xərçəng növləri kimi xəstəliklərin riskinin azaldılması nəzərdə tutulur.
Layihə çərçivəsində Anduril şirkəti itlər üçün xüsusi qoruyucu jiletlər, zirehlər və digər avadanlıqlar hazırlayacaq.
Məlumata görə, genetik müdaxiləyə məruz qalan ilk itlərin 2027-ci ilin əvvəlində dünyaya gəlməsi gözlənilir. Onların bomba aşkarlanması, axtarış-xilasetmə və hərbi əməliyyatlarda istifadəsi planlaşdırılır.