Hanoy, 13 iyun, AZƏRTAC
Vyetnam Azərbaycan ilə ticari-iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır.
Vyetnamın dövlət şirkəti olan “PetroVyetnam” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə müəssisə yaratmaqda maraqlıdır. Bu fikri Vyetnam maliyyə nazirinin müavini Do Hoanq Anh Tuan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov ilə keçirdiyi görüşdə deyib.
Səfir A.İmanov iki ölkə arasında enerji sahəsində ənənəvi əməkdaşlığın mövcud olduğunu və bunun daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib. Səfir, həmçinin Azərbaycanda enerji şirkətləri tərəfindən istehsal olunan avadanlıqların Vyetnam bazarına çıxarılması üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Diplomat, qeyd olunanlarla yanaşı, ticari və iqtisadi sahədə əməkdaşlığın təkcə enerji istiqaməti ilə məhdudlaşmadığını, iki ölkə arasında əməkdaşlığın şaxələndirilməsinin vacibliyini vurğulayıb.
Nazir müavini Do Hoanq Anh Tuan cari ilin mayında Azərbaycan Dövlət Gömrük Komitəsində keçirdiyi görüş zamanı ölkələrimiz arasında gömrük sahəsində əməkdaşlıq məsələlərinə dair ətraflı müzakirənin aparıldığını xatırladaraq, Vyetnam Prezidenti Çıonq Tan Şanqın Bakıya rəsmi səfəri çərçivəsində imzalanmış gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin müvafiq istiqamətdə ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
Səfir Anar İmanov ötən ay Vyetnam Prezidentinin Azərbaycana və ötən il Prezident İlham Əliyevin Vyetnama səfərlərinin iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün böyük tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, prezidentlərin ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən ticari və iqtisadi sahədə əməkdaşlığın inkişafına böyük önəm verdiklərini və bunun birbaşa olaraq gömrük sahəsində əlaqələrlə bağlı olduğunu deyib, yüksək səviyyəli səfərlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy