Xabi Alonso "Bavariya"da xoşbəxtdi

Xabi Alonso "Bavariya"da xoşbəxtdi
20:17 20 Yanvar 2015
179 İdman
Ölkə mətbuatı
A- A+

"Meydandan kənarda ən böyük sınaq almanca öyrənməkdi"
"Bavariya"nın ispan yarımmüdafiəçisi Xabi Alonso klubun saytına müsahibə verib. Alonso bir sıra mövzularda sualları cavablandırıb. Xavbekin alman həmkarlarımızla söhbətini ixtisarla təqdim edirik.

- "Bavariya"da ilk qış fasiləsi sizin üçün necə keçir?

- Bu, mənim üçün yeni təcrübədi. Fiziki və psixoloji cəhətdən yeniləşmiş halda mövsümün həlledici yarısına qədəm qoyursan. Biz çox yaxşı hazırlıq keçirik.

- Təlim-məşq toplanışından sonra ayaqlarda müəyyən ağırlıq olur. İndi cavan oyunçu ayaqlarına sahib olmaq istərdinizmi?

- Xeyr. Yaş vacib deyil. Əsas olan özünü necə hiss etməkdi. Mən isə rahatam. Komandanın digər üzvləri kimi optimal formaya çatmaq və "Bavariya"ya maksimum dərəcədə köməklik etməyə çalışıram. Bizim böyük hədəflərimiz var.

- Bu toplanış "Liverpul" və "Real"da keçdiyin qış hazırlığından nə ilə fərqlənir?

- Əsasən, eyni xarakterli hazırlıqdı. Fərq olduqca kiçikdi. Həftənin strukturu, məşq metodu... Pep Qvardiolanın xüsusi məşq metodları var. Ondan çox şey öyrənməyə çalışıram.

- "Bavariya"da altı aydı ki, oynayırsan. Bu hazırlıq həftəsini komanda yoldaşlarını tanımaq baxımdan ən yaxşı dövr adlandırmaq mümkündü?

- Qətərdə vaxtımın əksər hissəsini onlarla birlikdə keçirirəm. Amma bundan əvvəl də kollektivə qaynayıb-qarışmışdım. Hər kəslə münasibətim yaxşıdı. "Bavariya"da hər şey peşəkar prinsiplərə əsaslanır.

- Belə təəssürat yaranır ki, getdiyin klublarda şəraitə tez uyğunlaşırsan...

- Bəli, adaptasiya mənim üçün heç vaxt problem yaratmayıb. 10 il öncə "Liverpul"a transfer olunanda da yeni mühitdə tez bir zamanda alışmışdım. "Bavariya"da da eyni vəziyyət oldu. Bura gəlməyimdə əsas səbəblərdən biri özümü yeni çempionatda sınamaq və Bundesliqaya bələd olmaq idi. Bu addımın uğurlu olduğunu söyləyə bilərəm.

- Bastian Şvaynştaygerlə daha yaxşı münasibətlər qurduğunu deyirlər...

- Bastian gözəl dostdu. Çox istiqanlı və səmimi insandı. Bir neçə dəfə rəqib kimi qarşılaşmışıq. Həmişə qarşılıqlı hörmət və heyranlıq görmüşük. O, klubda uzun müddət çıxış edib. Komandanın aparıcı futbolçusudu. Çox uğurlara nail olub. Bastian klubun simasını layiqincə təmsil edir.

- Ötürmələr sənin əsas atributlarından biridi. Hər zaman dəqiq ötürmələrə görə seçilmisən...

- Əgər ürəklə futbol oynayırsansa, topu uzun müddət ayaqda saxlamaq olmaz. Əvəzində top mümkün qədər sürətlə ayaqdan-ayağa düşməli və dəqiq ötürülməlidi. Mən də bunu etməyə çalışıram. Topu daşıyan futbolçulardan biri olduğum üçün hücum cinahını dəyişmək və müdafiədən çıxmaq kimi funksiyaları yerinə yetirirəm. Vəzifəm komandanın topa nəzarətini təmin etmək və top paylamaqdı. Hər kəsin öz xarakteri var. Mən hücumçu, vinger və ya mərkəz müdafiəçisi deyiləm. Baş məşqçinin üzərinə düşən əsas iş futbolçuları düzgün mövqelərə yerləşdirməkdi.

- Alman dilini öyrənməkdə çətinliyin var?

- İstirahət günlərində evdə məşğul oluram. Dərslərim yaxşı gedir, amma alman dili zəngindi. Vaxta ehtiyac var. Almanca öyrənmək meydandan kənar ən böyük sınağımdı.

- Hansı komanda yoldaşın daha yaxşı alman dili müəllimidi?

- Tomas Müller.

Ekspress.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR