Bakı, 17 iyun, Əziz Məmmədov, AZƏRTAC
Mən birinci Avropa Oyunlarına çox ciddi hazırlaşmışam. Bakıya Avropa stend atıcılığının elitası gəlib. Yalnız qalib Olimpiadaya lisenziya alır. Mən çox şadam ki, sərt rəqabət şəraitində Rio-de-Janeyroya lisenziya qazana bildim.
AZƏRTAC xəbər verir ki, bu sözləri 2004-cü ilin Olimpiya çempionu, stend atıcılığının trap üzrə növü üzrə birinci Avropa Oyunlarının qalibi, rusiyalı Aleksey Alipov jurnalistlərə müsahibəsində söyləyib.
Bakıdakı Oyunların mübarizə əzminin heç də olimpiadalarınkından geri qalmadığını vurğulayan A.Alipov deyib: “İndi Olimpiya lisenziyasını udmaq iki səbəbdən çətindir. Əvvələn, bu lisenziyaların sayı xeyli azdır. İkincisi, namizədlərin sayı xeyli çoxdur. Lisenziya uğrunda daha sonra mübarizə aparmaq mənim üçün xeyli çətin olardı. Amma artıq Rio-de-Janeyro Oyunlarında iştirak məsələsini həll etdiyim üçün rahat şəkildə dünya çempionatına hazırlaşa bilərəm”.
Rusiyalı idmançı Avropa Oyunlarında atletlər üçün yaradılan şəraitdən də razı qaldığını bildirib. O deyib: “İdmançıların rahatlığına maksimum diqqət yetirilir. Məsələn, otaqlar Olimpiya kəndinin ən yüksək standartlarına cavab verir, məşq zalları ən müasir trenajorlarla təchiz edilib. Üstəlik, yeməkxana fasiləsiz işləyir. Burada dadlı yeməklər verirlər. Düzünü desəm, hətta getmək istəmirsən”.