Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində “Yeni texnologiyalardan istifadənin təbliği” adlı layihənin icrasına başlanılıb.
Layihənin əsas məqsədi ən yeni texnologiyaların gənclər arasında təbliği, günün tələbinə uyğun olaraq onların maarifləndirilməsidir.
Açılış tədbirində çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov layihənin əhəmiyyəti barədə məlumat verib. Partiyanın siyasi şurasının üzvləri isə görüləcək işlərin zəruriliyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, “Yeni texnologiyalardan istifadənin təbliği” dövrümüzdə ixtira olunan ən yeni texnologiyaların cəmiyyətdə öyrənilməsi və istifadəsini təbliğ etməyi nəzərdə tutan irimiqyaslı layihədir.
Sonda tədbirdə iştirak edən gənclərlə fikir mübadiləsi aparılıb.
