“Azərbaycan: İdman diqqət mərkəzindədir” fotosərgisi hazırda Parisdə nümayiş olunur

15:43 19 İyun 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycanı tanımaq, onun idman mədəniyyətinə və buradakı insanların fiziki aktivlik sevgisinə yaxından bələd olmaq imkanı yalnız “Bakı-2015” ilk Avropa Oyunlarına gələn qonaqlara verilməyəcək. Bu ölkə ilə yaxından tanış olmaq üçün heç də uzaq məsafə qət etmək lazım deyil. Belə ki, “Azərbaycan: İdman diqqət mərkəzindədir” adlı fotosərgi artıq bir neçə aydır Avropanı gəzib-dolaşmaqdadır. Hazırda o Parisdə, “Charlety” stadionunun yaxınlığında, CNOF qərargahının geniş dəhlizində sərgilənir.
Sərgiyə daxil olan 65 fotoşəkil Azərbaycan idmanının nə dərəcədə geniş əhatəli və çoxşahəli olduğunu nümayiş etdirir. Bu fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkil etdiyi beynəlxalq müsabiqədən sonra seçilib.
Müsabiqədə peşəkar və həvəskar fotoqrafların iştirakı nəzərdə tutulmuşdu. Ümumilikdə, 50 fotoqrafın çəkdiyi 300-dən artıq fotoşəkil daxil olub. Münsiflər heyəti fotoqrafiyanın məşhur simalarından ibarət idi: VII Fotoqrafiya Agentliyinin həmtəsisçisi amerikalı Ed Kaşi, portret mütəxəssisi almaniyalı Filip Ratmer və təbiət və portret fotoşəkilləri ilə bir çox mükafata layiq görülmüş azərbaycanlı Ağdes Bağırzadə.
Seçim geniş və çətin idi. Qızğın müzakirələrdən sonra münsiflər heyəti üç qalib müəyyən etdi. Onların adları fevralın 27-də Londonda OXO Qalereyasında keçirilən sərginin açılışında elan edilib. Azərbaycanlı peşəkar fotoqraf Dilavər Nəcəfovun çəkdiyi “Zirvəyə doğru” fotoşəkil müsabiqənin qalibi seçilib. Bu fotoşəkildə 2008-ci il Pekin Olimpiadasında bədii gimnastika üzrə mütəxəssis əks olunub. İkinci yerə fransız fotoqraf Pol Robion layiq görülüb. O, Rio-de-Janeyronun “Inapema Beach” çimərliyində çəkdiyi futbolçuların şəklini təqdim edib. Üçüncü mükafat isə azərbaycanlı Rüfət Abbasa verilib. Onun təqdim etdiyi işdə yürüşdən bir neçə dəqiqə qabaq çəkilmiş avtomobil sürücüsü əks olunmuşdu. Fotoşəkil “Yekun təlimatlar” adlanırdı.
Fotomüsabiqənin, onun qaliblərinin və sərginin video təqdimatlarına Avropa Azərbaycan Cəmiyyətinin saytında, (www.teas.eu) 2015 Avropa Oyunlarına həsr edilən bölmədə baxmaq olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Idman_diqqet_merkezindedir_fotosergisi_hazirda_Parisde_numayis_olunur-865298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR