[ 22 İyun 2015 15:38 ]


Bakı. Cavid Zeynallı – APA. 2014-cü ildə “Azanfilm” studiyasında istehsal olunan “Lahıc” sənədli filmi Polşanın Varşava şəhərində keçirilmiş 10-cu "FilmAT Film, Sənət və Turizm Festivalı"nda mükafata layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festivalın münsiflər heyətinin üzvləri kino, media və turizm sahəsində dünyada tanınmış şəxslər, heyətin sədri isə Oskar mükafatı laureatı Zbiqnev Zmudskidir.

Festivalda dünyanın müxtəlif ölkələrindən 160 film iştirak edib. “Ən yaxşı sənədli film” mükafatı “Azanfilm” studiyasının istehsalı olan “Lahıc” filminə təqdim olunub.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Rusiyanın əməkdar incəsənət xadimi Tofiq Şahverdiyevdir. Filmin montaj rejissoru Xanlar Ağayev, səs rejissoru Rasim Mehdiyev, icraçı prodüserləri Məhəmməd Ağabəyov və Niyazi Hüseynov, prodüseri Fariz Əhmədovdur.