Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqası yarışlarının birinci və ikinci təsnifat mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı qitənin ikinci ən nüfuzlu klub turnirində təmsil edəcək gümüş mükafatçı “İnter”, bürünc medalın sahibi “Qəbələ” və çempionatı 4-cü yerdə başa vurmuş “Neftçi”nin rəqibləri məlum olub.
Yarışa birinci təsnifat mərhələsindən başlayacaq hər 3 təmsilçimiz çətin sınaq qarşısındadır. Belə ki, “Qəbələ” Gürcüstanın “Dinamo” (Tbilisi), “İnter” Albaniyanın “Laçi”, “Neftçi” isə Monteneqronun “Mladost” komandası ilə qarşılaşacaq.
Bu mərhələnin ilk görüşləri iyulun 2-də, cavab qarşılaşmaları isə iyulun 9-da təşkil olunacaq.