Bakı, 22 iyun, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabit qaydalarına müvafiq olaraq yay sessiyasının birinci iş günündə Nazirlər Komitəsinin hesabat məruzəsi dinlənilib. Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Crnadak aprel ayından bəri həyata keçirilmiş işlər barədə məlumat verdikdən sonra ona müxtəlif ölkələrdən olan deputatların sualları ünvanlanıb.
Nazirlər Komitəsi sədrinə sual verənlərdən biri də Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov olub. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi probleminə növbəti dəfə toxunan Rafael Hüseynov belə bir sualla müraciət edib: “Avropa Şurasının bütöv tarixi üçün nonsens sayılası bir problemlə əlaqədar sual vermək istəyirəm. Bir üzv dövlətin digər üzv dövlətin - Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına Avropa Şurasının seyrçi münasibəti nə vaxtadək davam edəcək? Mənim və həmin təcavüzün qurbanı olmuş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün Avropa Şurası sədrinə növbəti dəfə verdiyimiz bu suala yenə ənənəvi, ümumi sözlərdən ibarət hazır cavabınız var, yoxsa nəhayət ki, problemin həllinə Avropa Şurasının real kömək göstərəcək hansısa addımı barədə təzə məlumatı çatdıra bilərsiniz?”
Fəaliyyətdə olan sədr İ. Crnadak bu sualın cavabında bildirib ki, Avropa Şurası qətiyyən bu problemə biganə deyil və münaqişənin tezliklə həll olunmasının tərəfdarıdır. Məsələnin həlli ilə bilavasitə ATƏT-in Minsk qrupu məşğul olsa da, Avropa Şurası da bu ağır problemin həllinə öz töhfəsini vermək üçün zəruri səylərini əsirgəmir. Biz bu əqidədəyik və ona çalışırıq ki, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün çətin sualına nəhayət ki, cavab tapılsın, onlar hər bir normal avropalı kimi bütün hüquqlarından istifadə edə bilsin, rahat həyatını bərpa etsin.