Qobustan, 23 iyun, AZƏRTAC
Qobustan taxılçıları ciddi hazırlıqdan sonra bu günlərdə biçin kampaniyasına başlayıblar.
AZƏRTAC rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, qısa müddətdə 2 min hektaradək zəminin məhsulu biçilib və sahələrdən 4 min 500 tona yaxın taxıl götürülüb.
Rayon üzrə 22 min 136 hektar sahədə taxıl yetişdirilib. Məhsul yığımında 60-dan çox kombayndan istifadə olunacaq. Hələlik zəmilərə 30 kombayn çıxarılıb. Hazırda bütün qüvvələr məhsulun optimal müddətdə və itkisiz yığılmasına səfərbər olunub. Əksər yerlərdə, o cümlədən Poladlı, Yekəxana, Ərəbqədim, Qurbancı, Bədəlli və digər bir sıra ərazi vahidlərində bu mühüm kampaniya daha mütəşəkkil qaydada davam edir.
Hazırda bütün sahələrdə ilk növbədə arpa biçilir. Orta məhsuldarlıq 22 sentnerdir. Məhsuldarlığın artacağı gözlənilir.