Bakı, 23 iyun, Nihat Budaqov, AZƏRTAC
Türkiyə tərəfi “Türk axını” layihəsi çərçivəsində qaz boru kəmərinin dənizdən keçəcək hissəsinin layihələndirmə işlərinin başlanmasına icazə verib.
AZƏRTAC “Qazprom” ASC-yə istinadla xəbər verir ki, icazə sənədində boru kəmərinin xətlərindən birincisi üçün Türkiyədə və dənizdə inşaat-mühəndislik işlərinin aparılmasına razılıq verilib.
“Türk axını”nın dəniz hissəsi hər biri 15,75 milyard kubmetr olmaqla dörd xətdən ibarət olacaq. Boru kəməri 660 kilometr məsafədə “Cənub axını” üçün nəzərdə tutulan marşrut üzərində çəkiləcək. 250 kilometrlik məsafədə isə Türkiyənin Avropa qitəsindəki hissəsini əhatə edəcək. Birinci kəmərlə nəql edilən qazın bütövlükdə Türkiyə bazarında istifadəyə verilməsi planlaşdırılır.
“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə olunacaq. Layihə üzrə ilk qaz nəqlinin 2016-ci ilin dekabrında həyata keçirilməsi planlaşdırılır.