Tərtər, 24 iyun, AZƏRTAC
Tərtər rayonunda “Narkomaniyaya yox deyək” mövzusunda silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanası, mədəniyyət və turizm şöbəsi, gənclər və idman idarəsi tərəfindən yerlərdə keçirilən tədbirlərdə hüquq mühafizə orqanlarının və yaşlı nəslin nümayəndələri, əmək və müharibə veteranları, ziyalılar, narkoloq həkimlər, gənclər iştirak ediblər.
Çıxışlarda narkotikin insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktik tədbirlərdən danışılıb, bu dəhşətli bəlanın yayılmasının qarşısının alınması üçün hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib.
“Narkomaniya cəmiyyətin düşmənidir”, “Narkomaniyaya yox deyək” devizi altında əhali arasında geniş təbliğat-təşviqat işləri aparılıb. Tədbirlərdə əyani vasitələrdən geniş istifadə edilib, sənədli filmlər göstərilib, həmçinin kitab və dövri mətbuat materiallarından ibarət sərgilər təşkil olunub.