Sumqayıt, 25 iyun, AZƏRTAC
Böyük Britaniyanın “Mançester Yunayted” klubunun Yay Futbol Məktəbində hazırlıq keçməyə göndəriləcək gənc futbolçular müəyyənləşdirilib. Beş nəfərlik siyahıda “Sumqayıt” Futbol Klubu akademiyasının üzvü Cavid Fərzəliyev də yer alıb.
“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Bakcell” şirkətinin birgə təşkilatçılığı ilə iyunun 1-dən Bakının “Bayıl” stadionunda keçirilən “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışı başa çatıb. Toplanışın son günündə 34 uşaq arasından seçilən və İngiltərənin Mançester şəhərinə gedəcək uşaqların arasında “Sumqayıt” FK akademiyasının qapıçısı Cavid Fərzəliyev də var.