Bakı, 25 iyun, AZƏRTAC
Malaziyanın “Malay iş adamları və sənayeçiləri assosiasiyası” (PERDASAMA) Azərbaycanda fəaliyyət göstərən şirkətlərə əməkdaşlıq təklif edir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, 1998-ci ildən Malaziya Respublikasında fəaliyyət göstərən, 15000 üzvdən ibarət və 13 filialı olan PERDASAMA-nın əsas məqsədi xarici və yerli iş adamları arasında əlaqələrin qurulması, onlara lazımi dəstəyin göstərilməsindən ibarətdir. Təşkilat xarici ölkələrdə mövcud sənaye, kənd təsərrüfatı və yeyinti məhsulları istehsalı üzrə ixtisaslaşmış şirkətlərin Malaziyada müvafiq əlaqələrin qurulmasına, iş adamları arasında biznes görüşlərin təşkil edilməsinə və xarici ölkələrin məhsullarının yerli bazarda təşviqi və satışına lazımi kömək və dəstək göstərir.
Qeyd edək ki, Malaziya yeyinti və ərzaq məhsullarının böyük hissəsini xaricdən idxal edir. 2013-cü ilin göstəricilərinə görə, bu məhsulların 90 faizini (əsasən ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, meyvə və tərəvəzlər) xarici ölkələrdə istehsal olunan məhsullar təşkil edib.