Bişkek, 26 iyun, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ölkənin əmək, miqrasiya və gənclər naziri Aybek Azırankulovla görüşüb.
Səfir bu vəzifəyə təyin olunması münasibətilə naziri təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.
Hidayət Orucov qeyd edib ki, son vaxtlar ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir və bu xətt Azərbaycan və Qırğızıstan prezidentləri - İlham Əliyev və Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir. Son iki ildə həm Bişkekdə, həm də Bakıda gənclərlə bağlı çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda və bu ölkənin Azərbaycanda daha yaxından tanıdılması üçün uğurlu iş aparılıb.
H.Orucov qeyd edib ki, gənclərimiz də bu münasibətlərin inkişafından bəhrələnir, azərbaycanlı tələbələr Qırğızıstanda, qırğız tələbələr isə Azərbaycanda təhsil alır.
A.Azırankulov ölkələrimiz arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib. Qeyd olunub ki, Qırğızıstan Azərbaycanın son illərdə qazandığı uğurlarla fəxr edir.
Nazir əlaqələrimizin inkişafında, xüsusilə gənclər siyasəti sahəsində birgə layihələrin həyata keçirilməsində qırğız tərəfinin maraqlı olduğunu vurğulayıb.
A.Azırankulov dövlətlərimiz arasında münasibətlərin yaradılması və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıb, ümummilli liderin “Manas” eposunun yubileyində iştirakını xatırlayıb.
Görüşdə 2016-cı ildə hər iki ölkədə maraq doğuran tədbirlərin keçirilməsi imkanları müzakirə olunub.
Səfir Qırğızıstanda repressiya qurbanı olan azərbaycanlıların 20 minə yaxın nəvə-nəticələrinin yaşadığını bildirib və onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq edib.
Diplomat hazırda Azərbaycanda yüksək səviyyədə ilk Avropa Oyunlarının keçirildiyini, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası və 2017-ci ildə isə III İslam Həmrəyliyi Oyunlarının baş tutacağını qeyd edib. Keçiriləcək möhtəşəm idman bayramlarında qardaş qırğız idmançılarının da iştirakını arzulayıb.
Nazir Azərbaycanın belə yüksək tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirib və uğurla keçirilməsini arzulayıb.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek