Britaniyanın Aİ-yə üzvlüyü ilə bağlı referendum praktiki müstəviyə keçməkdədir. Devid Kemeron hökuməti gələcək referendumda qaldırılacaq sualın qoyuluşu ilə razılaşmışdır. Sualın qoyuluşunu Seçki komissiyası təklif etdi. Parlamentin sıravi üzvü, tori C.Uortonun hələ 2013-cü ilin iyun ayında təklif etdiyi referendum haqqında qanun layihəsində sual aşağıdakı kimi ifadə olunmuşdur: "Sizcə, Birləşmiş Krallıq Avropa İttifaqının üzvü olmalıdırmı?". Lakin Seçki komissiyası həmin ifadəni uğursuz hesab etdi, çünki Britaniya vətəndaşlarının heç də hamısı ölkənin Aİ-yə daxil olduğunu bilmir. Buna görə də Seçki komissiyası iki variant təklif etdi. Biri "Birləşmiş Krallıq Avropa İttifaqının üzvü olaraq qalmalıdırmı, yoxsa Avropa İttifaqından çıxmalıdır?" kimidir. 2015-ci ilin may ayının 28-də isə hökumət parlamentə öz qanun layihəsini təklif edərək "bəli/xeyr" kimi sadə və aydın cavab tələb edən aşağıdakı variantı daxil etdi: "Birləşmiş Krallıq Aİ-nin üzvü olaraq qalmalıdırmı?" Beləliklə, D.Kemeron sualın birmənalı cavab tələb edən qoyuluşunu təklif etmək vədini yerinə yetirmiş oldu. Avroskeptiklər hökuməti günahlandırırlar ki, o, sualı implisit olaraq müsbət cavablandırmağı təklif edir. Həqiqətən də, Şotlandiyanın müstəqilliyi haqqında referendumdan ibrət dərsi alan D.Kemeron həmin referendumda sualı elə qoymuşdur ki, ölkədə birliyin tərəfdarı olanlar "Şotlandiya müstəqil ölkəmi olmalıdır?" sualına "yox" cavabı verməyi təklif etməklə, "neqativ kampaniya" aparmalı oldular, halbuki Şotlandiya Mühafizəkarlar partiyası (ŞMP) "pozitiv" kampaniya aparırdı və analitiklərin fikirlərinə görə, bu, ona ilk mərhələdə bir qədər üstünlük təmin edirdi.

Sualın qoyuluşunun çox böyük əhəmiyyəti var, çünki britaniyalılarda Birləşmiş Krallığın Aİ-də yeri və rolu barədə təhrif olunmuş təsəvvürlər var. Belə ki, sıravi vətəndaşlar hesab edirlər ki, ölkənin Aİ-nin büdcəsinə ödədiyi üzvlük haqqı olduğundan təxminən 4 dəfə yuxarıdır. Onlar həmçinin düşünürlər ki, əhalinin ümumi sayında ölkəyə bu yaxınlarda gələn immiqrantların payı reallıqda olduğundan iki dəfə çox olmaqla 13% yox, 24,4% təşkil edir.

Eyni zamanda, əksər britaniyalılar ölkənin Aİ-yə üzvlüyü ilə bağlı referendumun zəruri olduğunu düşünürdülər ("lehinə" - 60%-dən artıq, "əleyhinə" - 24% çıxış edirdi). Aİ ilə bağlı Britaniyada ictimai rəy kifayət qədər dəyişkəndir. Aİ-yə üzvlüyün həm tərəfdarlarının, həm də əleyhdarlarını payı 50%-i ötüb keçirdi. Avrobarometrin məlumatları göstərir ki, bir neçə il ərzində Britaniyanın Aİ-yə üzvlüyünün tərəfdarları 30%, əleyhdarları isə təxminən 20% təşkil edir. Britaniyalıların Aİ-yə münasibəti bu inteqrasiya birliyindəki iqtisadi durumdan asılı olaraq dəyişir.

Son sorğular göstərir ki, Aİ-yə üzvlüyün tərəfdarları üstünlük təşkil edir (45:33). Aİ ilə danışıqlarda D.Kemeron Britaniyanın maraqlarını müdafiə edə bilsə, britaniyalıların yarıdan çoxu Aİ-yə "bəli" deməyə hazır olacaqdır. Maraqlıdır ki, britaniyalıların ölkənin Aİ və ABŞ-la əlaqələrinin nisbətinə də münasibəti dəyişmişdir: Aİ-nin xeyrinə britaniyalıların 30%-i, ABŞ-ın xeyrinə isə 25%-i səs verir. Londonda və Şotlandiyada ictimai rəy daha çox ölkənin Aİ-də qalmasına meyllidir. İngiltərədə və Uelsdə isə əksəriyyət Britaniyanın Aİ-dən çıxmasını istəyir.

Referendumun keçiriləcəyi tarix 2017-ci ilin seçkilərinə (Fransada - prezident seçkiləri, Almaniyada isə parlament seçkiləri olacaqdır) görə dəyişdirilə bilər. Lakin qeyri-müəyyənlikdən narazı olan biznesmenlər qeyri-müəyyənlik dövrünün mümkün qədər qısa olmasını istəyirlər.

D.Kemeron artıq Aİ ölkələrinin başçıları ilə danışıqlara başlamışdır. Onun vəzifəsi əhalinin əhval-ruhiyyəsini nəzərə alaraq "sosial turizm"ə son qoymaqdır. Lakin bəzi məlumatlar göstərir ki, Aİ-nin hüdudlarından kənarda olan ölkələrdən gələn immiqrantlar və Aİ ölkələrinin mobil vətəndaşları Britaniyanın büdcəsinə aldıqlarından çox ödəyiblər. Britaniya Aİ-dən olan işçi miqrantlara dörd il başa çatdıqdan sonra sosial imtiyazların verilməsini; yarım il ərzində iş tapmayan miqrantların deportasiya edilməsini tələb edir. Almaniya və İspaniyada işçi miqrantlar barəsində oxşar məhdudiyyətlər artıq ya tətbiq olunub, ya da tətbiq olunmaqdadır. Lakin bu tədbirlər işçi qüvvəsinin sərbəst hərəkətini məhdudlaşdırır. Buna görə də Aİ-nin başqa ölkələri buna müqavimət göstərəcəkdir.

Britaniya cəmiyyətində avroskeptisizm əhval-ruhiyyələri artır. Birləşmiş Krallığın Müstəqillik Partiyasının (UKIP) Avropa Parlamentinə may seçkilərində inamlı qələbəsi bunun əyani sübutudur. YouGove sosioloji agentliyin sentyabr ayında keçirdiyi sorğu göstərdi ki, britaniyalıların 38%-i Aİ-dən çıxmağa səs verməyə hazırdır. Aİ-nin tərəfdarları cəmi 4% bundan artıqdır.

Əlbəttə, bu, Britaniya siyasi qüvvələri tərəfindən öz cavabını gözləyir. Torilərin cavabı 2011-ci ilin dekabr ayından etibarən həyata keçirilən və Aİ ilə münasibətlərə yenidən baxılaraq Londona səlahiyyətlərin qaytarılmasını nəzərdə tutan xarici siyasət xəttidir. Onun tərkib elementləri sırasında Aİ-nin Büdcə paktında və Bank İttifaqında iştirakdan imtina edilməsini, ölkənin İnsan hüquqları üzrə Avropa məhkəməsinin yurisdiksiyasından çıxarılacağı hədə-qorxusunu, habelə Aİ-nin "kasıb" ölkələrindən "varlı" ölkələrinə miqrasiyanı məhdudlaşdırmaq niyyətini qeyd etmək olar. Lakin bu siyasətin əsas həlqəsini D.Kemeronun 2015-ci ildə ümumxalq seçkilərində mühafizəkarların qalib gəldiyi təqdirdə Britaniyanın Aİ-də üzvlüyü haqqında referendumu yeni şərtlər daxilində keçirmək vədi təşkil edir.

Bununla bağlı bu xəttin xarici siyasi nəticələrinə deyil, onun Mühafizəkarlar partiyasının özünə təsirinə diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, 1990-cı illərin əvvəllərindən 2000-ci ilin ortalarına qədər torilər Avropa problematikası ilə əlaqədar parçalanmışdı. "Liderlərin oyunları" və ümumxalq seçkilərində ardıcıl üç məğlubiyyət az qala partiyanı "Ülyahəzrətin əbədi müxalifəti"nə çevirdi. Buna görə də bugünkü anti-Avropa xəttinin Mühafizəkarlar partiyası, onun daxili birliyi və elektoral perspektivləri üçün özü ilə nə kimi təhdid və riskləri gətirəcəyi məsələsi xüsusi maraq doğurur.

İlk öncə Mühafizəkarlar partiyasında Avropa məsələləri ilə bağlı fraksiya mübarizəsinin aktuallaşdığını qeyd etmək lazımdır. İndi artıq parçalanma avroskeptiklər-avrofillər xətti üzrə deyil, "yumşaq avroskeptiklər" - "sərt avroskeptiklər" xətti üzrə gedir. Birinciləri London-Brüssel münasibətlərinə yenidən baxılması qane edirsə, ikincilər problemi daha radikal yolla - Aİ-dən çıxmaqla həll etməyi təklif edirlər.

"Sərt avroskeptiklər" zəruri hesab etdikləri dəyişiklikləri sürətləndirmək məqsədilə baş nazirə təzyiq göstərirlər. Təzyiq aləti kimi sıravi parlament üzvlərinin narazılığından istifadə olunur. Ən böyük narazılıq 2011-ci ilin oktyabr ayında Avropa qanun layihələri keçirilərkən baş qaldırmışdı. O zaman 81 mühafizəkar deputat partiya nizam-intizamına tabe olmadı.

Torilər arasında anti-Avropa əhval-ruhiyyələri təkcə parlamentdə deyil, onun hüdudlarından kənarda da artmaqdadır. Belə ki, məsələn, son zamanla "Better Of Out" hərəkatı güclənməkdədir. Onun təsisçilərindən biri Mühafizəkarlar partiyasının keçmiş sədri və Marqaret Tetçer hökumətində nazir olan Norman Tebbitdir. Təşkilat partiyanın sıravi üzvlərini və sadə vətəndaşları Böyük Britaniyanın Aİ-dən çıxması ideyasını dəstəkləməyə səfərbər etməklə məşğuldur.

Qeyd edək ki, hazırkı mərhələdə "sərt avroskeptiklər" (bəzən onları "sağçı torilər" də adlandırırlar) mütəşəkkil və davamlı siyasi qüvvə təsiri kəsb etmir. Onların parlament fraksiyasında payı mühafizəkar deputatların ümumi sayının cəmisi 16%-ni təşkil edir. Kemeronun liderliyinə birbaşa təhlükə yoxdur, lakin partiyadakı narazılıqların öhdəsindən necə gəlməli olduğu barədə məsələ açıq olaraq qalır.

Sağ cinahdan real rəqibin - UKIP-in meydana çıxması mühafizəkarları özlərinin elektoral strategiyalarına yenidən baxmağa vadar etdi. Torilərin narahatlığı başadüşüləndir: Avropa Parlamentinə son seçkilərdə səslərin 48%-ni UKIP 2010-cu ilin may ayında Mühafizəkarlar partiyasına səs verən seçicilərdən almışdır.

Əlbəttə, mühafizəkarların müasir Britaniya cəmiyyəti üçün səciyyəvi olan avroskeptisizmdən istifadə etməsi rəqibin neytrallaşdırılmasına işləyir. Lakin bu proses, birincisi, partiyadaxili mübarizənin güclənməsi ilə müşayiət olunur və nəticədə, seçicilər mühafizəkarlar arasında birliyin olmadığını görürlər. "Bu "posttetçerizm" böhranı dövrünün torilərini xatırladır. İkincisi, sağa doğru yerini dəyişən mühafizəkarlar orta sinifdən olan seçicilərin səsləri uğrunda mübarizədə uduza bilərlər. Bu, Kemeronun "pis partiya" imicindən yaxa qurtarmaq və partiyanı siyasi spektrin mərkəzinə gətirmək üçün həyata keçirdiyi partiya rebrendinqinin məqsədlərinə ziddir. Üçüncüsü, anti-Avropa kursu liberal demokratlarla münasibətləri kəskinləşdirir. Baş nazirin müavini və liberal-demokratların lideri Nik Kleqqin fikirlərinə görə, Britaniyanın Aİ-nin tərkibində qalması ilə bağlı referendumun vəd edilməsi "ölkənin milli maraqlarına ziddir". Və nəhayət, mühafizəkarlar ümummilli partiya statusunu da itirə bilərlər. Elektoral bazalarının cəmləşdiyi bölgələri hədəfləməklə mühafizəkarlar Avropa meylli Şotlandiyanın maraqlarına etinasızlıq göstərmiş olurlar. Bundan Şotlandiya milliyyətçiləri referendumda "bəli" cavabı uğrunda apardıqları siyasi kampaniyanın gedişində yararlanırdılar. Belə ki, məsələn, Şotlandiyanın birinci nazirinin müavini Nikol Sterjin bəyan etmişdir ki, "Şotlandiyada avroskeptisizm heç vaxt İngiltərədə olduğu kimi güclü olmayıb".

Referendumun gedişində "yox" kampaniyasının qələbəsinə baxmayaraq, şotlandlar mühafizəkar hökuməti yenə də "düşmən" kimi qavrayır. Tetçerin dövründə işsizliyin artması və sosial qütbləşmənin dərinləşməsi şotlandların Mühafizəkarlar partiyasına inamını sarsıtdı. Hazırkı hökumətin dövlət xərclərini azaltması, indi də xarici siyasətdə anti-Avropa xəttini yeritməsi bu regionda mühafizəkarların vəziyyətini mürəkkəbləşdirir. Vestministerdə Şotlandiya Mühafizəkarlar partiyasından olan yeganə deputatın, Holirudda isə 15 deputatın itirilməsi toriləri Şotlandiya problemləri ilə bağlı qərarların qəbulu prosesində iştirak etmək imkanından məhrum edəcək, eyni zamanda, regional səviyyədə siyasi landşaftın dəyişdiyini göstərəcəkdir.

Beləliklə, anti-Avropa strategiyasının mümkün nəticələri Mühafizəkarlar partiyasında böhran və elektoral itkilərə səbəb ola bilər. "Sağçı torilər"in, koalisiya üzrə tərəfdaşların və Aİ-yə üzv olan ölkələrin təzyiqi nəticəsində yaranan vəziyyətdə Devid Kemeron siyasi prosesin bütün iştirakçılarının maraqlarını balanslaşdırmaqda getdikcə daha çox çətinliklər çəkir.

Böyük Britaniya ilə Aİ-nin qarşılıqlı münasibətlərində əsas problem təsisat olaraq İttifaqın Britaniya cəmiyyətində Avropa demokratiyası haqqında qərarlaşmış təsəvvürlərə uyğun gəlməməsidir. Avropa haqqında bu təsəvvürlərin konturları inteqrasiya siyasətinin konkret istiqamətləri və nailiyyətlərinə fərqli yanaşmada özünü büruzə verir. Rəyi soruşulan Britaniya vətəndaşlarının 80%-i vahid avro valyutası olan İqtisadi və Valyuta İttifaqının əleyhinədir, 54% isə Aİ-nin gələcəkdə milli dövlətlərin federasiyasına transformasiya etməsini dəstəkləmir və hesab edir ki, onların ölkəsi Aİ-nin hüdudlarından kənarda gələcəyin çağırışlarına daha yaxşı adaptasiya edəcəkdir. Eyni zamanda, rəyi soruşulan britaniyalıların 85%-i hesab edir ki, maliyyə və iqtisadi böhranı aradan qaldırmaq üçün İttifaqa üzv olan dövlətlər əməkdaşlığı möhkəmləndirməlidirlər.

Britaniyanın Avropada əməkdaşlığın necə olmalı olduğu barədə öz təsəvvürləri var. Partiya və bürokratik elita səviyyəsində daima təsisat yanaşmaları işlənməkdədir. Daha sonra həmin yanaşmalar Aİ üzrə tərəfdaşlara mümkün "hazır qərarlar" kimi təqdim edilir. "Geniş kütlələr"in də "Avropa" haqqında öz təsəvvürləri var. Düzdür, bu təsəvvürlər populist qüvvələrin təsirinə məruz qaldığından kifayət qədər dəyişkəndir. "İctimaiyyətin" "Avropa" haqqında təsəvvürləri bir növ demokratik təsisatların necə işləməli olduğu barədə milli təsəvvürlərin Aİ-yə proyeksiyasıdır. Aİ-nin demokratik legitimliyi təmin etmə modeli son dərəcə dolaşıqdır. Buna görə də bu gün Aİ britaniyalıların demokratiya haqqında təsəvvürlərinə heç cür uyğun gəlmir.

Newtimes.az