Dəyanət Rzayev: "Əgər insan gün ərzində həm işləyib, həm də oruc tutursa, bu, haramdır"
Orxan Fərəcli: "Onların bəzən özlərindən asılı olmadan etdiyi kobud rəftarın səbəbini başa düşmək lazımdır"
Yay aylarında orucun səbəb olduğu əsəbi ruh halının qarşısını almaq üçün ilk növbədə insan öz yemə-içmə və yuxu sisteminə həssaslıqla yanaşmalıdır. Türkiyənin "Milliyyet" qəzetində orucluq ayında insanların psixoloji durumu ilə bağlı maraqlı bir dosye hazırlanıb. Yazıda bildirilir ki, oruclu insan sabit ruh halını saxlamaq üçün iftar və sahuru düzənli şəkildə həyata keçirməli, orqanizmin sistemini sarsıtmamalıdır.
Sahura qalxan insanlarda gecə yuxusunun bölünməsi, gündəlik işlərinə eyni saatda başlamaq məcburiyyətində olması, yorğunluq, diqqət dağınıqlığı və konsantrasiya itkisinə əlavə olaraq, paralel əsəbilik də gətirir. Bu vəziyyəti əngəlləmək üçün bəzi tədbirlər görülməlidir.
Mütəxəssislər hesab edir ki, bu aya məxsus olan tədbirlərdən biri gündüzlər "şəkərləmə"(qısamüddətli yuxu), axşam erkən saatlarda yatmaq, komanda çalışmasını və yardımlaşmanı ön plana çıxarmaqdır.
Yuxu, yemək və maye tükətiminə həssaslıq göstərilərsə, oruc tutanlarda sıxlıqla müşahidə olunan zehni yorğunluğun qarşısı alına bilər. Yuxu pozğunluğu insanın nəqliyyatda diqqətinin dağılmasına və yol qəzalarına səbəb ola bilər. Bu səbəbdən də yuxu və yemə-içmə sisteminin düzgün qurulması insanın gündəlik rejiminin pozulmasının qarşısını alır.
Psixoloqlar bu durumda daha bir məqama diqqət çəkir ki, bu da oruc tutmayan insanlarla bağlıdır. Belə ki, xəstəlik səbəbindən oruc tuta bilməyən insanların dini baxımdan məsuliyyət daşımadığı bilinən gerçəkdir. Çünki insan əlində olmayan fiziki səbəblərə görə oruc tuta bilmir. Yəni, onun oruc tuta bilməməsi öz seçimi deyil, bədənindəki problemlər onun oruc tutmasına icazə vermədiyi üçün belə bir nəticə yaşanır. Bu arada isə həmin insanların oruc tutanların qarşısında özünü günahkar hiss etməsi kimi bir hal yaşanır.
Azərbaycanlı psixoloq Dəyanət Rzayevin isə oruc tutan insanların psixoloji durumu və çıxış yolları barədə ilginc yanaşması var. Milli.Az xəbər verir ki, musavat.com-a açıqlamasında psixoloq bildirdi ki, qida insanın həzz aldığı azsaylı faktorlardan biridir. Onun sözlərinə görə, insan ac olanda aqressivləşir və bu, təbii haldır.
Buna isti hava şəraitinin də əlavə olunduğunu nəzərə alsaq, D.Rzayev hesab edir ki, insan orqanizmi və psixologiyası bu sınaq zamanı yüklənir: "Ona görə məsləhətdir ki, oruc tutan insan daha az işləsin, kondisionerli yerdə otursun. Müsəlman ölkələrində insan hüquqları daha çox pozulur. Burda insanlar 12, bəzən 18 saat işləyirlər. Müsəlman ölkələri feodal dövrü yaşayır. İnsanın hüquqları tapdanır, işinin əvəzində az pul verirlər. İnsan oruc saxlayırsa, ona güzəşt olmalıdır. Belə bir iş rejimində oruc tutan insan bütün gün işləməməlidir. Şəxsi fikrimi deyirəm: əgər şəxs bütün gün işləyir və oruc tutursa, bu, haramdır. Bu zaman insan gərək işləməsin. Mən bir insan olaraq Allahın mənə verdiyi cana hörmətlə yanaşmalıyam. İnsan həm orucdur, həm də günün altında işləyirsə, bununla özünə xəsarət yetirmiş sayılır. Bu, özünəqəsddir. Ən yaxşı halda cəmi 2-3 saat işləməlidir".
Müsahibimizin sözlərinə görə, insanlar da oruc tutanlara qarşı maksimum həssas olmalı, ilin digər aylarında nümayiş etdirdikləri tələbkarlığın dozasını azaltmalıdır.
Psixoloq hesab edir ki, bəzən insanlar qarşındakının oruc olduğunu unudub, onunla digər aylarda olduğu kimi mübahisə edir, söz polemikasına girir və əsəblərini zorlayır: "Nəzərə almaq lazımdır ki, oruclu insan 1 ay öncəki tolerantlığı göstərməyə bilər və bu, təbiidir. Bir çox mübahisə və soyuq davalar da bunun ucbatından yaranır. Odur ki, hər hərəkətdə, sözdə, davranışda qarşındakının oruc olduğunu unutmamalısan".
Psixoloq Orxan Fərəcli isə açıqlamasından bildirdi ki, ac qalmaya bağlı olaraq insanda qıcığa qarşı həssaslıq arta bilər: "Əvvəllər sizi qıcıqlandırmayan şeylər ac olduğunuza görə sizi hövsələdən çıxara bilər. Xüsusən iftara yaxınlaşdıqca bu hallar daha tez-tez müşahidə olunur. Bizim ən çox müşahidə etdiyimiz hal isə əvvəlcədən hansısa psixoloji xəstəlikdən əziyyət çəkən insanlarda həkimlə məslətləşmədən oruc tutmaq məqsədilə dərmanlarını saxlaması və buna müvafiq olaraq əvvəlki xəstəlklərinin yeniden qayitması hallarıdır".
O.Fərəcli dedi ki, oruc tutan insanlarla rəftarda isə mövcud vəziyyəti anlayışla qarşılayıb, qıcıqlandırcı sitasiyalardan kənar saxlayıb onlara daha anlayışla yanaşmaq lazımdır: "Yəni onların bəzən özlərindən asılı olmadan etdiyi kobud rəftarın səbəbini başa düşsünlər.Ramazanın fəlsəfəsində dayanan barış, sülh anlayışı əslində bu məqamda özü də kömək edir".
Milli.Az