Prosineçki: "O, kapitanlığa layiq futbolçudur"

Prosineçki: "O, kapitanlığa layiq futbolçudur"
10:37 22 Yanvar 2015
175 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, milli komandamızın baş məşqçisi Robert Prosineçki qol.az saytının suallarını cavablandırıb.

- “Qarabağ” - “Sürix” oyununu (1-1) canlı olaraq stadiondan izlədiniz. Meydanda sizin etimadınızı qazanan futbolçular oldumu?

- Oyundan tam razı qaldım. “Qarabağ”da forma geyinən milli üzvləri çox yaxşı çıxış etdilər. Konkret kimisə xüsusi olaraq qeyd etmək istəmirəm, amma Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev və digər milli komandada oynayan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Onların oyununu çox bəyəndim. Bu gün meydanda maraqlı və sürətli oyunun şahidi olduq.

- Antalyada olduğunuz müddətdə milli komandaya namizəd futbolçuların çıxışını izləyirsiniz. Son təəssüratlarınız necədir?

- Antalyada olduğum müddətdə əksər klubların oyunlarını izləmişəm. Aydın məsələdir ki, fasilədən sonra komandalar ideal formada olmurlar. Amma zaman keçdikcə formaya düşürlər. Gördüklərimdən razıyam. Ümidləri doğrulda biləcək yaxşı, prespektivli futbolçular var. Oyunçular çalışırlar. İzlədiyim qarşılaşmalardan da görünür ki, əllərindən gələnin ən yaxşısını etməyə cəhd edirlər. Gördüklərimə əsasən deyə bilərəm ki, millinin oyun keyfiyyətini artıra bilərik. Fevralda təlim-məşq toplanışında olacağıq. Düzdür, “Neftçi”nin üzvləri, eləcə də legioner həyatı yaşayan futbolçular fevralda keçiriləcək təlim-məşq toplanışında olmayacaqlar. Amma yenə də toplanış faydalı olacaq.

- Bəs Türkiyədə legioner həyatı yaşayan azərbaycanlı futbolçuların oyunlarını necə, izləmək imkanınız oldu?

- Təbii ki, onlar haqda da məlumatım var. Mən burada tək deyiləm. Mənim hər oyuna getməyim qeyri-mümkündür. Oyunlarına canlı baxmasam belə, hər bir futbolçu haqda ətraflı məlumata sahibəm. Norveçlə oyunda onların bir çoxunu izlədim. Kimin nəyə qadir olduğunu bilirəm. Mənə lazım olan bütün məlumatlar əlimdədir. Onu da deyim ki, mənim üçün milliyə çağıracağım futbolçunun yaşı önəmli deyil. Gənclərə də özlərini göstərmək üçün imkan verəcəyəm, təcrübəlilərə də. Əsas futbolçunun yaşı yox, hansı formada olmasıdır. Milli komandanın heyətində gənc və istedadlı futbolçular görə biləcəksiniz.
 
- Fevraldakı təlim-məşq toplanışında millimiz yoxlama oyunu da keçirəcək. Rəqibin kimliyi məlumdurmu?

- Hələ rəqib tapmamışıq. FİFA-nın təqvimində həmin vaxt millinin oyunları üçün xüsusi gün kimi qeyd olunmayıb. Bu səbəbdən də rəqib tapmaq heç də asan deyil. Lakin axtarışlarımız davam edir. Çalışacağıq ki, təlim-məşq toplanışı dövründə bir neçə yoxlama oyunu keçirək.
 
- “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla keçirdiyiniz görüş haqda nə deyə bilərsiniz?

- Maraqlı və səmimi söhbət oldu. Rəşad Sadıqov çox yaxşı futbolçudur. Hiss edirəm ki, o millinin formasını geyinməyə, komandanın uğur qazanması üçün əlindən gələni etməyə hazırdır. Onun enerjisi də buna imkan verir. "Sürix"lə oyunda da çox yaxşı oynadı. Rəşadın təcrübəsi milliyə gələcəkdə də faydalı olacaq. Mən çalışacam ki, kapitanla gələcəkdə belə görüşlərimiz tez-tez olsun.

- Rəşad Sadıqovu əvvəl olduğu kimi sizin dövrünüzdə də milli komandanın kapitanı qismində görə biləcəyik?

- Təbii ki. Milliyə çağırıldığı müddətdə Rəşad millinin kapitanı olacaq. O, kapitanlığa layiq bir futbolçudur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR