Şərur, 27 iyun, Rauf Əliyev, AZƏRTAC
Naxçıvanda iyunun 20-dən start verilən xalq teatrları festivalı çərçivəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı “Yuxu” tamaşası ilə sənətsevərlərin görüşünə gəlib.
AZƏRTAC xəbər verir ki, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Nəsimi Məmmədzadədir.
Tamaşada məşhur “Ölülər” əsərində İsgəndərin monoloqu üzərində dayanılaraq sanki keçmişdən bu günə nəzər salınır. Burada xürafatın, cahilliyin hökm sürdüyü mühitdə içkiyə qurşanan İsgəndərlə (aktyor Nemət İslamoğlu) kənd qəbiristanlığında qarşılaşırıq. Məşhur monoloqu ilə səhnədə görünən kefli İsgəndər bacısı Nazlını (aktrisa Nurbəniz Niftəliyeva) görür və onun halına, bacısı kimi cavan qızların yaşlı, qoca kişilərə ərə verilməsinə acıyır. Qəbiristanlıq səhnəsində Şeyx Nəsrullahın (aktyor Məhərrəm Əbilsoy) peyda olması hadisələrə bir az da dinamizm gətirir. Tamaşada kütləvi səhnələr də hadisələrin gərginliyini artırır.
Tamaşanın ən maraqlı səhnəsi kefli İsgəndərin qəbiristanlıqda yuxuya getməsidir. Yuxuya gedən İsgəndər ölkəmizin, xalqımızın bu gününü görür. Bu səhnənin yaradılmasında quruluşçu rejissor bu günümüzlə bağlı videoçarxdan istifadə edərək hadisələri müqayisə etməyə imkan yaradır. Tamaşaçı bir anlığa xalqımızın keçdiyi inkişaf və tərəqqi yolunu müqayisəli şəkildə görür. Bu günün nazlıları müəllimdir, həkimdir, xalqına layiqincə xidmət edən qadındır, eyni zamanda, xoşbəxt anadır. Bu gün ölkəmiz də, xalqımız da o illərin avamlığından qurtulub.
Tamaşa izdihamlı izləyici kütləsinin gurultulu alqışları ilə yekunlaşıb.