Dalğıclar Yava dənizinin dibində “AirAsia” şirkətinə məxsus təyyarədə həlak olanların cəsədlərini aşkarlayıblar

Dalğıclar Yava dənizinin dibində “AirAsia” şirkətinə məxsus təyyarədə həlak olanların cəsədlərini aşkarlayıblar
12:13 22 Yanvar 2015
194 Dünya
Ölkə mətbuatı
A- A+


Cakarta, 22 yanvar, AzərTAc 
İndoneziya hərbi-dəniz qüvvələrinin dalğıcları “AirAsia” şirkətinə məxsus qəzaya uğramış təyyarənin dənizin dibindəki fyuzelyajını nəhayət ki, tədqiq edə biliblər. Bu barədə qərb donanmasının komandanı kontr-admiral Vidodo məlumat verib.
Vidodo qeyd edib ki, bu istiqamətdə iş davam etdirilir və artıq Yava dənizinin dibindən üç cəsəd çıxarılıb: “Bu gün hava əlverişlidir, yağıntı yoxdur, dalğaların hündürlüyü isə iki metrdən çox deyil və sualtı axınlar zəifdir. Buna görə də gün ərzində daha çox iş görməyə çalışacağıq”.
Beləliklə artıq dənizdən 56 nəfərin cəsədi çıxarılıb. Mütəxəssislərin bildirdiyinə görə, həlak olanların əksəriyyətinin cəsədləri təyyarənin məhz bu parçasındadır.
Xatırladaq ki, dekabrın 28-də Surabayadan Sinqapura uçan “AirAsia” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra Kalimantan adaları rayonunda radarların ekranlarından itmişdi. Xilasedicilər onun parçalarını Yava dənizinin dibində aşkar ediblər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Cakarta

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR