Ağcabədi, 30 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi şəhərində müasir tələblərə cavab verən yeni çörək və un məmulatları zavodunun tikintisi başa çatmaq üzrədir. “Cahidoğlu” MMC tərəfindən ən müasir texnologiyalar əsasında yaradılan zavodun tikintisində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditlərindən də istifadə olunub.
Müəssisənin direkoru İlqar Yusifov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, tikintisinə 2013-cü ildə başlanan zavodun istehsal gücü 1 saata 2250 kiloqramdır. İki istehsal korpusundan ibarət zavodun ümumi sahəsi 2100 kvadratmetrdir. Zavodda Çexiya, Türkiyə, Rusiya və Fransa istehsalı olan istehsal xətti və köməkçi avadanlıqlar quraşdırılıb. Bundan başqa, zavod daimi enerji daşıyıcıları (1,6 kilometr işıq xətti, 5 kilometr məsafədən ortatəzyiqli qaz xətti və su təminatı üçün artezian quyusu) ilə təmin edilib. Zavodda istehsal olunan məhsulların Ağcabədi və ətraf rayonların istehlakçılarına çatdırılması üçün xüsusi nəqliyyat vasitələri alınıb.
İ.Yusifov qeyd edib ki, hazırda zavodda tamamlama işləri aparılır. İşlərin bu ilin dördüncü rübünədək başa çatdırılması nəzərdə tutulur. Müəssisə fəaliyyətə başladıqdan sonra burada zavod çörəyi, dietik çörəklər, bulka və şirniyyat məhsulları istehsal ediləcək. Zavodda 30-dan artıq yeni iş yerinin yaradılması planlaşdırılır.
Ağcabədidə müxtəlif çeşiddə çörək və şirniyyat istehsal edəcək belə bir müəssisənin fəaliyyətə başlaması rayonun ərzaq təhlükəsizliyinin və əhalinin yüksək keyfiyyət standartlarına cavab verən çörək məmulatları ilə təminatına şərait yaradacaq.
