Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti aparatının hüquq və kadrlar idarəsi AMEA-nın elmi müəssisələrində kargüzarlıq və kadr sahəsində hazırkı vəziyyətin müzakirəsinə dair seminar keçirib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev AMEA-nın elmi müəssisələrində kargüzarlıq işi və sənədləşmənin mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətindən danışıb, bu qurumlarda kargüzarlıq və kadr sahəsindəki vəziyyəti təhlil edib. O, bütün sənədləşmənin göstərilən tələblərə uyğun təşkilinin və qeyd olunan bəndlərin vaxtında yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Akademiyanın 27 elmi müəssisə və təşkilatı, regional bölmə və mərkəzlərində keçirilən yoxlamalar zamanı müşahidə olunan vəziyyəti diqqətə çatdıran R.Ağasiyev bildirib ki, seminarın keçirilməsinin əsas məqsədi akademiya sistemində düzgün sənədləşmə fəaliyyətinin səviyyəsini yüksəltmək və bütün müəssisələrin apardığı hüquqi islahatların səmərəli nəticələr verməsini təmin etməkdir.
Sonra hüquq və kadrlar idarəsinin qanunvericilik təminatı şöbəsinin rəisi Aygün Arifli AMEA-nın elmi müəssisələrində kargüzarlıq fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkili və tənzimlənməsi ilə bağlı çıxış edib. A.Arifli daxil olan və göndərilən sənədlərin qeydiyyatının Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun təşkil edilməsinin vacibliyini vurğulayıb. Yazışmalar zamanı istifadə olunan blankların normativ hüquqi sənədlər səviyyəsində tərtib olunmasının əhəmiyyətini qeyd edən A.Arifli rəsmi yazışmaların tələb olunan qaydalara müvafiq olaraq Azərbaycan dilində aparılması, mətbəə üsulu ilə çap olunması və digər məsələlərdən danışıb.
Seminarda digər çıxış edənlər də elmi müəssisə və təşkilatlarda kadrların ümumi sayı məsələlərinə toxunub, onların hərəkəti barədə məlumatların mütəmadi yenilənməsi və uçotunun aparılmasına dair qaydaları nəzərə çatdırıblar.
