Bakı, 2 iyul, AZƏRTAC
Polşada fəaliyyət göstərən Vitold Zqlenitski adına gimnaziyada dərs ilinin bitməsi ilə əlaqədar təntənəli tədbir təşkil olunub.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə gimnaziyanın direktoru Malqojata Kolon məzunlara uğurlar arzulayıb.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edərək məzunları və onların valideynlərini təbrik edib. Səfir deyib ki, uzun illər Bakıda fəaliyyət göstərən polşalı mühəndis Vitold Zqlenitskinin adını daşıyan gimnaziyanın şagirdlərində Azərbaycan tarixinə və mədəniyyətinə marağın artması sevindirici haldır. O, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında səfirlik tərəfindən polyak dilində nəşr olunan kitabları və Bakıda keçirilən birinci Avropa Oyunlarını əks etdirən açıqcaları gimnaziyanın kitabxanasına hədiyyə edib. Hər il olduğu kimi, bu il də gimnaziyada məktəblilər arasında Azərbaycan mövzusuna həsr edilən inşa müsabiqəsinin keçirildiyini qeyd edən diplomat ən yaxşı inşa yazısının müəllifi, gimnaziyanın builki məzunu Anna Piençuka Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 illiyi münasibətilə təsis olunmuş medalı təqdim edib.
Səfir iki ölkə arasında gündən-günə inkişaf edən əlaqələrin məhz Polşa və Azərbaycan gənclərinin simasında daha da möhkəmlənəcəyinə inandığını deyib.
Sonda məzunlara təhsillərini bitirmələri haqqında şəhadətnamələr, bir sıra fəal tələbələrə isə müxtəlif mükafatlar təqdim edilib.
Tədbir şagirdlər tərəfindən hazırlanmış bədii hissə ilə başa çatıb.
