Mətbuat Şurasının sədri: "Məsələnin mahiyyəti media adına yaraşmayan qeyri-peşəkar davranış və buna şərait yaradılmasındadır"

Mətbuat Şurasının sədri: "Məsələnin mahiyyəti media adına yaraşmayan qeyri-peşəkar davranış və buna şərait yaradılmasındadır"
18:47 22 Yanvar 2015
134 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 18:42 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. "Ötən ilin iyununda Azərbaycan prezidenti cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı toplantı yerinə buraxılmış, buna buraxdırılmış da deyə bilərik, şəxslər ağızlarını bağlamışdılar.

 Dövlət başçısının Almaniya kansleri Angela Merkellə görüşündən sonrakı mətbuat konfransında səs-küy qaldıranlar mahiyyətcə 6 ay öncə ağızlarını bağlayanlarla eynidir".

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Angela Merkelin birgə mətbuat konfransında baş verənləri APA-ya şərh edərkən belə deyib.

 

Onun sözlərinə görə, bu cür aksiyaların Avropa ictimai rəyində hansısa reaksiya doğura biləcəyinə qətiyyən inanmır: " Onsuz da Azərbaycan dünyaya müstəqil dövlət kimi varlığını isbatlayıb. Bu varlığın davamiyyət sığortası fundamental əsaslara malik siyasi kursdur. Mütərəqqi ictimaiyyət, elə müəyyən anti-azərbaycan məqsədlərə köklənmiş dairələrin özləri belə ölkəmizdə qərarlaşmış sistemin dövlət strukturu kimi effektivliyini və çevikliyini görürlər. Onlar istər yaxın, istərsə də uzaq perspektivi mövcud reallığa dayanaraq düşünürlər".

 

Mətbuat Şurasının sədri deyib ki, məsələnin mahiyyəti media adına yaraşmayan, qeyri-peşəkar davranış və buna şərait yaradılmasındadır: "Əslində həmin anti-azərbaycan dairələrin nə düşündükləri və ya nəyə nail olmaq istədikləri məni bir vətəndaş olaraq qətiyyən maraqlandırmır. Əvvəlcədən planlaşdırıldığı şübhə doğurmayan ssenarilərin mahiyyətindən ətraflı danışmağa da lüzum görmürəm. Hesab edirəm ki, həmin xoşagəlməz mahiyyəti heçə endirən tədbirlər görülüb, görülür və görüləcəkdir".

 

Mətbuat Şurasının sədri deyib ki, onu narahat edən media təmsilçisi adı ilə manipulyasiya edilməsidir: "Ölkədə baş verənlərlə razılaşmayanların, etirazlarını bildirənlərin mövcudluğu təbiidir. Ancaq istər 6 ay öncə, istərsə də indi məsələnin hansısa formada siyasi mübarizə kontekstinə daşınılaraq dəyərləndirilməsini qəbul etmirəm. O görüntüdə Azərbaycana qarşı açıq həqarət cəhdi vardı. Kimsə sosial şəbəkələrdə, özlərinə məxsus informasiya kanallarında bu həqarəti tirajlamaqla öyünürsə, yanılırlar. Siyasətlə məşğul olan şəxs yolunu müəyyənləşdirməlidir, mediadan, əldə etdiyi vəsiqədən ölkəni təhqir etmək, gözdən salmaq üçün istifadə etməməlidir". 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR