Bu il ərzində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən 371 cinayət faktı aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev bildirib. Onun sözlərinə görə, bu faktlardan 74-ü sırf insan alveri cinayətidir. 74 cinayət faktı üzrə 85 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bu cinayətlər üzrə 77 insan alveri qurbanı müəyyən olunub.

Azərbaycanda insan alveri cinayətlərinin sayında əvvəlki illərlə müqayisədə artım müşahidə olunduğunu qeyd edən idarə rəisinin sözlərinə görə, bu, cinayətkarlığa qarşı aparılan effektli mübarizənin nəticəsidir.

C. Şıxəliyev onu da bildirib ki, Azərbaycandan insan alveri qurbanları əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İran, Hindistana aparılırlar. Onun sözlərinə görə, bu il ərzində Azərbaycana xarici ölkələrdən insan alveri qurbanlarının gətirilməsi faktı qeydə alınmayıb. Əvvəlki illərdə isə ölkəyə Qazaxıstan, Moldova və Özbəkistandan insan alveri qurbanlarının gətirilməsi halları mövcud olub.