"Göbək rəqqasələrinin geyindikləri paltarları üstümüzə atdılar. Dedilər ki, çimək, daranaq və bu paltarları geyinək. Paltar deyəndə ki, göbək açıq, sinə çöldə qalmalıydı. Cilan ağladı, hönkürdü. Hamamda özünü asmışdı. Asmazdan əvvəl də sol biləyində damarını kəsmişdi. Cilan çox gözəldi, 16 yaşı vardı. O bilirdi ki, saqqallı, 50-60 yaşlı kişi onu aparıb hərəminə salacaq. Ona görə də intihar etdi".
İraqın Sincar vilayətində yaşamış və oradan qaçqın düşmüş yezid qadınlardan biri, Davla adlı 20 yaşlı biçarə belə deyir.
O, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının girov götürdüyü minlərlə yezid qızdan və qadından biridir.
Davla indi Kərkükdədir, İŞİD-dən qurtulub.
Amma 14 dəfə abort olunub, həyatı darmadağın edilib.
Milli.Az Amnesty International-a istinadən bildirir ki, İŞİD Sincara hücum edəndə 8 min nəfərə yaxın yezid qız və qadını girov götürmüşdü. Girovların əksəriyyəti 14-32 yaş arasında olan xanımlardı.
Ekspert Donatella Roveranın dediyinə görə, 2014-cü ilin avqustunda İŞİD İraqın Nineviya bölgəsinə hücum edəndə terrorçuların əllərinə keçmiş minlərlə yezid qadından sadəcə, 40 nəfər cəhənnəmdən qurtula bilib.
İŞİD terrorçularının hər gün dəfələrlə zorladıqları, döydükləri yezid qızların arasında intihar edənlərin sayı həddən artıqdır.
Cilanın rəfiqəsi sağ qalıb və İŞİD cəhənnəmindən qaça bilib.
O danışır: "Mən, Cilan və daha 20 qızı bir binaya apardılar. Aramızda 10 və 12 yaşlı iki qız da vardı. Hamımızı döydülər. 10 yaşında olan qızı 40-45 yaşlı kişi gülərək apardı. 12 yaşlı qızı isə 4 nəfər zorladı".
Vəfa adlı yezid xanım da intihar etmək istəyib: "Məni nisbətən cavan, pırtlaşıq saqqallı biri seçdi. Evinə apardı. Orada iki arvadı, 5 uşağı vardı. Dedi ki, mənimlə nikah qılacaq, onun üçüncü arvadı olacağam. Elə həmin axşam özümü asmaq istədim. Alınmadı, ölməyə qoymadılar. Amma şərf boğazımı zədələdiyindən bir neçə gün danışa bilmədim. Ertəsi gün məni çarpayıya bağladılar. Evin sahibi məni o qədər döydü ki, iki ay yeriyə bilmədim".
19 yaşlı başqa qadını isə "ram etmək" üçün onun bir yaşlı oğlunu gözlərinin qabağında döyüblər. Uşağın qışqırtılarına, nalələrinə dözə bilməyən ana "siğə"yə razılıq verib və elə həmin gecə onu İŞİD-in 3 terrorçusu bir-birlərinə yataqda "növbə ilə bağışlayıblar".
Reyhan adlı, 19 yaşlı həmin qadın danışır: "Mənə dedilər ki, yataqda "mehriban" olmasam, bir yaşlı oğlumun başını kəsəcəklər. Onlardan çox qorxurdum. Çünki bacımı və qoca anamı gözlərimin önündə zorladılar, sonra başlarını əzdilər. İntihar etmək istəsəm də, bacarmırdım. Çünki oğlumun öldürüləcəyindən qorxurdum. Beləcə, 10 ay orada mənə min əzab verdilər".
İŞİD ələ keçirdiyi yezid qızları davar kimi bazara çıxarıb satır. Belə "qul bazarları" Rəqqa, Mosul, Rəmadi şəhərlərində fəaliyyət göstərir.
İŞİD-dən qurtulmuş yezid qadınlar indi İraqın şimalındakı Xanke qaçqın düşərgəsinə yerləşdirilirlər.
25 yaşlı Barfu isə deyir: "Məni zorlamazdan əvvəl narkotik maddə vurdular. Huşumu itirdim. Özümə gələndə anladım ki, dəfələrlə təcavüzə məruz qalmışam".
Başqa bir yezid qadın, 24 yaşlı Mahlo isə əvvəlcə Mosul şəhərində İŞİD terrorçusunun hərəmxanasında saxlanıb. Sonra 53 yaşlı bu terrorçu Mahlonu liviyalı şəxsə satıb. Liviyalının evində 3 ay saxlanan Mahlonu sonucda Suriyanın Rəqqa şəhərinə aparıblar: bu dəfə onu tunisli terrorçu satın almışdı.
Həmin adam Mahlonu hər gün zorlayıb. Etirazla qarşılaşanda isə Mahlonu şallaqlayıb. Qadının beli indi şallaq çapıqları ilə doludur.
Mahlonun dediyinə görə, Mosulda 17 yaşlı yezid qızı və onun 11 yaşlı qardaşını da "hərəm bazarı"nda satıblar.
Milli.Az











